EN

Ağdamın Kəngərli kəndində 632 ev tikiləcək

Ağdamın Kəngərli kəndində 632 fərdi evin tikintisi nəzərdə tutulur.

BAKU.WS xəbər verir ki, bunu "Report"un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.

O bildirib ki, işğaldan azad olunmuş digər ərazilərdəki kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri aparılır.

"Bu işlərin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub".

L.Sərabi qeyd edib ki, yenidən qurulan Kəngərli kəndinə əhalinin köçürülməsi üçün birinci mərhələ tam hazırdır.

"Birinci mərhələ üzrə buraya 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 fərdi ev inşa olunub. Evlər iki, üç, dörd və beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb", - qurum rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb: "Kənd sakinlərinin əmək fəaliyyətinin yüksək səviyyədə təmin olunması məqsədilə burada iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Sakinlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər müasir tələblərə cavab verən səviyyədə, beynəlxalq standartlara uyğun şəkildə aparılır. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub".

Chosen
0
7
far.az

10Sources