EN

"Hindistan və Pakistan tam atəşkəs barədə razılığa gəlib" - Tramp

"Pakistan hər zaman regionda sülh və təhlükəsizliyə sadiq olub..."
 
ABŞ rəsmiləri bəyan edib ki, son 48 saat ərzində Dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens Hindistan və Pakistanın yüksək vəzifəli rəsmiləri ilə atəşkəs məsələsində danışıqlar aparıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "rtvi.com" nəşri məlumat yayıb.
 
ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bəyan edib ki, Hindistan və Pakistan Vaşinqtonun vasitəçiliyi ilə tam və dərhal atəşkəs barədə razılığa gəlib:
 
"ABŞ-ın vasitəçiliyi ilə aparılan uzun gecə danışıqlarından sonra Hindistan və Pakistanın tam və dərhal atəşkəs barədə razılaşdıqlarını bildirməkdən məmnunam. Hər iki ölkəni sağlam düşüncə və yüksək ağıl nümayiş etdirdiklərinə görə təbrik edirəm. Bu məsələyə göstərilən diqqətə görə təşəkkür edirəm!" - Tramp yazıb.
 
ABŞ Dövlət katibi Marko Rubio özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib ki, o və vitse-prezident Cey Di Vens son 48 saat ərzində Hindistan və Pakistanın yüksək səviyyəli rəsmiləri ilə atəşkəs məsələsini müzakirə edib.
 
"Sevindirici haldır ki, Hindistan və Pakistan hökumətləri dərhal atəşkəsə razılaşıb və neytral ərazidə geniş spektrli məsələlər üzrə danışıqlara başlamaq barədə razılıq əldə olunub", - Rubio bildirib.
 
BBC nəşri xəbər verir ki, bu məlumatı Pakistan baç nazirunin müavini İshaq Dar da təsdiqləyib. O vurğulayıb ki, "Pakistan hər zaman regionda sülh və təhlükəsizliyə sadiq olub".
 
Hindistan və Pakistan - mühüm xəbərlər
 
Bundan öncə Pakistan mayın 10-da səhər Hindistana qarşı hərbi əməliyyata başladığını bəyan edib. Hədəflər arasında Hindistanın şimalındakı raket anbarı da daxil olmaqla bir neçə baza olub.
 
Pakistan baş naziri Şahbaz Şərifin sözlərinə görə, onların Hərbi Hava Qüvvələri Hindistana məxsus təyyarələri "parça-parça edib". O, bildirib ki, bu, bir saat davam edən hava döyüşü zamanı baş verib.
 
Xatırladaq ki, iki ölkə arasındakı gərginlik aprelin  22-də mübahisəli Cammu və Kəşmir bölgəsində, Pahalqamda baş vermiş terror aktından sonra başlayıb. Həmin vaxt bir neçə silahlı şəxsin meşədən çıxaraq qeyri-müsəlman turistləri atəşə tutması nəticəsində 26 nəfər həlak olub. Ölənlər arasında turistləri qorumağa çalışan yerli müsəlman bələdçi də olub.
 
Bundan sonra Hindistan Pakistanı terrorçuluğu dəstəkləməkdə ittiham edib mayın 7-də gecə "Sindur" adlı hərbi əməliyyata başlayıb. Əməliyyat Pakistan ərazisindəki "terrorçu infrastrukturuna" qarşı yönəlib. İttihamları rədd edən Pakistan cavab zərbələri endirib və Hindistannın bir neçə qırıcı təyyarəsinin vurulduğunu bəyan edib.
 
"Reuters" agentliyi bu qarşılıqlı hücumları son iyirmi ildə iki nüvə dövlətinin arasında baş vermiş "ən ciddi döyüş əməliyyatları" kimi dəyərləndirib.
Chosen
0
1
moderator.az

2Sources