EN

Göygöldə Heydər Əliyevin 102 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Göygöl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci  ildönümü ilə bağlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev  Mərkəzində “Milli Konstitusiyamızın və suverenliyimizin banisi” mövzusunda keçirilən konfransda Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin deputatı Kamran Bayramov, YAP  Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq-mühafizə orqanlarının idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları, ziyalılar və gənclər iştirak ediblər.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Konfrans Dövlət Himni ilə açıq elan olunub, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərə həsr olunmuş sənədli film təqdim olunub.

Konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Onun siyasi irsi bu gün də aktualdır və dövlətçilik, müstəqillik və suverenlik prinsiplərinin əsas dayaqlarından biri kimi qiymətləndirilir.
Millət vəkili Kamran Bayramov çıxışında bildirib ki,  Heydər Əliyev XX və XXI əsrin ən nüfuzlu siyasi liderlərindən biri kimi yalnız Azərbaycan xalqının deyil, dünya ictimaiyyətinin də dərin ehtiramını qazanmış şəxsiyyətdir. Onun müdrik siyasəti, dəmir iradəsi və uzaqgörənliyi nəticəsində Azərbaycan müstəqil dövlət kimi formalaşmış və regionda mühüm strateji mövqeyə sahib olmuşdur. Onun zəngin siyasi irsi, müdrikliyi və uzaqgörənliyi Azərbaycan dövlətinin inkişafında mühüm rol oynamışdır.

YAP Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev məruzəsində dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmış,  Ulu Öndərin Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Lider olduğunu vurğulayaraq, onun xidmətlərinin miqyasının ölçüyəgəlməzliyinin bugünkü Azərbaycanın reallıqlarında aydın ifadəsini tapdığını diqqətə çatdırıb. O, bildirib ki, Heydər Əliyevin  təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardandır. 
Konfransda həmçinin Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin direktoru Nuranə Quliyeva və digər natiqlər geniş məruzələrlə çıxış ediblər.  

Sonda Ulu Öndər Heydər Əliyevin 102 illiyi ilə bağlı Göygöl rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub. Konfransın bədii hissəsində Respublikanın tanınmış musiqiçilərinin və gənc ifaçıların musiqi nömrələri təqdim olunub.

Chosen
0
1
unikal.az

10Sources