EN

Almaniyada klinikada üsyan: Bina mühasirəyə alındı

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau kommunasında yerləşən psixi pozğunluğu olan cinayətkarlar üçün xüsusi klinikada üsyan baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Qeyd olunub ki, hadisə bu gün səhər saatlarında 27 yaşlı, əvvəllər zorakılığa meylli kimi tanınan bir pasiyentin binada dağıntılar törədərək özünü içəri qapatması ilə başlayıb.

Məlumata görə, həmin şəxs sərxoş vəziyyətdə olub və son dərəcə aqressiv davranıb. Mühafizə olunan bir müəssisəyə spirtli içkinin necə daxil olduğu isə hələ də aydın deyil.

Üsyana digər pasiyentlər də qoşulub. Ən azı beş nəfər mebelləri yandıraraq baryerlər qurub. Binada yanğın başlayıb. Klinikada çalışan bəzi işçilər binadan çıxaraq xilas olub, digərlərinin təxliyəsi davam edir. Girov götürülməsi ehtimalı da istisna olunmur.

Hadisə yerinə regionun müxtəlif şəhərlərindən xüsusi təyinatlı polis qüvvələri, o cümlədən girov vəziyyətlərinə müdaxilə üzrə ixtisaslaşmış dəstələr cəlb olunub. Bina ətrafında zirehli texnika yerləşdirilib, xüsusi təyinatlılar helikopterlərlə gətirilir.

Polisin binaya damdan daxil olması üçün mobil rampa ilə təchiz olunmuş xüsusi yük maşını da əraziyə gətirilib.

Chosen
0
3
axar.az

4Sources