EN

“Həsən Məmmədov Zərifə xanımın adını çəkəndə Heydər Əliyev gözyaşlarını saxlaya bilmədi” - VİDEO+ÖZƏL

“Ulu Öndər Heydər Əliyev hər zaman mədəniyyət sahəsinə, ələxsus da teatra, sənətkarlara böyük diqqət göstərirdi. Onun bu diqqəti mədəniyyət xadimlərinə böyük bir mükafat idi. Hamıya böyük sevinc bəxş edirdi. Hər dəfə tamaşadan sonra görüşüb, ünvanımıza xoş sözlər söyləyərdi. O mədəniyyətin bütün sahələrini musiqişünasdan, teatrşünasdan da artıq bilirdi. Tamaşanı, hər bir rolun xarakteristikasını teatrşünas dəqiqliyi ilə təhlil edirdi. Heç bir nüans gözündən yayınmazdı. Həqiqətən də dahi şəxsiyyət idi. Belə insanlar ömürdə bir yetişir.. 1995-1996-cı illərdən etibarən Heydər Əliyev mənim də rol aldığım “Ah, Paris, Paris”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Burla Xatun”, “Hamlet” tamaşalarını izəyib. Sənət adamlarına o qədər yüksək qiymət verirdi ki.. Ətrafında olan insanlara da tamaşa haqda məlumat verirdi”
 
Bunu Moderator.az-a açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Məsmə Aslanqızı deyib. O daha sonra əlavə edib:
 
“Mən o vaxtı dövlət tədbirlərində, daha çox Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş xüsusi günlərdə aparıcılıq edirdim. Bəzən də Zərifə xanımın obrazını canlandırırdım. Bir dəfə də Mahnı Teatrında Zərifə xanımın əziz xatirəsinə həsr olunmuş tədbir vaxtı idi. Orada Ulu Öndərin obrazını görkəmli sənətkarımız Həsən Məmmədov oynayırdı. Mən də aparıcı idim. Bizim orada dialoqumuz var idi. Mən ondan həyatda ən çox sevdiyi sənətkarlar haqda soruşurdum. Ən çox sevdiyiniz insan kim olub sualını ünvanlayanda Həsən Məmmədov dedi ki, Zərifə Əliyeva. Zərifə xanımın adını çəkəndə ümummilli lider Heydər Əliyev gözyaşlarını saxlaya bilmədi. Onun zəhmli, bir baxışı ilə insanlara yerini göstərməsi bacarığı hər kəsə məlum idi. O cür zəhmli insanın həm də çox böyük, həssas ürəyi var idi. Öz ailəsinə, ələxsus da həyat yoldaşına həddindən artıq sevgisi var idi. Bir görüşümüzü də xatırlayıram... 2000-ci ildə 20 yanvar şəhidlərinin 10 illiyinə həsr olunmuş tədbir idi. Tədbirdə hər sahədən bir insan çıxış edirdi. Bir nəfər şəhid yoldaşı, bir şəhid anası və bir şəhid qızı kimi mən çıxış etdim. Mənim çıxışım həqiqətən çox təsirli idi. Tədbir bitəndən sonra Ulu Öndər aşağı düşdü və gördüm ki, hər kəs məni axtarır. Böyük təlaş hissi ilə bu sözləri eşitdim.. “Cənab prezident, cənab prezident, o qız buradadır”.. Ani olaraq fikirləşdim ki, görəsən məni niyə axtarırlar, mən nə etmişəm? Ulu Öndər Heydər Əliyev pilləkənlərlə aşağı düşdü və təsirli çıxışıma görə mənə təşəkkür etdi. Daha sonra mənə başsağlığı verib söylədi ki, siz atanızla qürur duymalısız, şəhidlər ölməzdir, şəhidlər əbədidir. Siz də onun övladısız, yadigarısız. Ulu Öndərin bu sözləri biz şəhid ailələrinə o qədər təsəlli və dəstək verdi ki.. Ulu öndər hər zaman bizimlədir.. O xalqımızın qəlbində hər zaman yaşayır və yaşayacaq” deyə sənətçi bildirib.
Chosen
0
moderator.az

1Sources