Azərbaycan milli komandasının üzvü Mahir Emreli Almaniya 2-ci Bundesliqa təmsilçisi "Nürnberq"lə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, istedadlı hücumçu bu gün sonuncu dəfə yerli azarkeşlərlə görüşüb.

Nürnberq şəhərində yerləşən "Max-Morlock-Stadion"da 50 min tamaşaçının qarşısına çıxan həmvətənimizə "Köln"lə matçın start fitindən öncə portret hədiyyə olunub.

27 yaşlı futbolçu sözügedən görüşün (1:2) birinci hissəsində forma geyinib. Bu, "Nürnberq" üçün 2024/25 mövsümündə axırıncı ev oyunu olub.

Emrelinin gələn həftə son turda səfərə aparılacaq heyətdə olub-olmayacağı dəqiq deyil. Hər ehtimala qarşı, o, oyundan sonra azarkeşlərlə vidalaşıb.

Kövrək anların yaşandığı vida zamanı uşaq fanatlardan biri hətta göz yaşlarını saxlaya bilməyib.

Xatırladaq ki, ötən ilin yayında Zaqreb "Dinamo"sundan "Nürnberq"ə transfer olunan Mahir bu klubda bütün turnirlərdə 24 oyunda mübarizə aparıb, 8 qol vurub, 1 məhsuldar ötürmə verib. Həmyerlimiz Nürnberq komandası ilə bu ilin iyununda başa çatacaq müqaviləsinin müddətini uzatmayıb.