Amerikalı kardinal Robert Frensis Prevostin Roma Papası seçilməsində qlobal yanaşmaların da rolu diqqət çəkir. Əslində Prevostin Papa olması o qədər də gözlənilən deyildi, hətta seçkiöncəsi sorğuların bir neçəsində onun adı favoritlər siyahısına belə düşməmişdi və Amerika kökləri də uzun illər mövcud olmuş “Vaşinqtonun Vatikana təsir cəhdləri” qorxusu fonunda şanslarını azadırdı.
Əvəzində italyan kardinal, Vatikanın dövlət katibi Pietro Parolininin şansları daha yüksək görünürdü. Parolinin Papa Fransisklə yaxınlığı, lakin ondan fərqli olaraq, eynicinsli nikahlara qarşı “səssiz müqaviməti” kilsə ənənələrinin davam etdirilməsinin tərəfdarı olan mühafizəkarların arasında populyarlıq qazandırmışdı. Onun şanslarını yüksəldən məqamlardan biri də qlobal tendensiyaların təsirləri idi.
Mərhum Papa Fransiskin eynicinsli şəxslərin nikahlarına xeyir-dua vermək icazəsi – cinsi oriyentasiyasına görə təqibə qarşı çıxması dünyada belə tendensiyanın yüksəlməsindən qaynaqlanırdı.
Məsələyə daha mühafizəkar yanaşan kardinal Parolinin isə qlobal siyasətdə güclənən Çinlə əlaqələrə üstünlük verir: onu Vatikan-Çin əlaqələrinin memarı adlandırırlar, hətta XVI Benediktin dövründə də Vatikanla Pekin arasında ilk əlaqəni Parolin yaratmışdı; Çinin qlobal siyasətdə güclənməsi tendensiyasının Vatikandakı seçkilərə təsiri mümkün gözləntilərdən idi.
Burada məsələ eynicinsli nikahların qlobal tendensiyaya çevrilməsi ilə Çinin yüksəlməsi arasında hansısa ideoloji-siyasi bağlantının olması yox, beynəlxalq siyasətdə mövcud şərtlərin təsirlərindən ibarətdir. Fransiskin dövründə Parolinin memarı olduğu Çinlə yaxınlaşmanın önə çıxması da (bura Rusiya, Hindistan kimi ölkələri də daxil etmək olar) Vatikanın geosiyasi mövqelərini gücləndirmək və katolikliyin yayılma arealının genişləndirmək strategiyasından qaynaqlanırdı. Bu baxımdan, Parolin Fransiskin irsini davam etdirə biləcək real namizəd hesab olunurdu. Lakin gözləntilərin əksinə olaraq, Roma Papası Amerika köklərinə sahib olan Robert Prevost seçildi. Bunu bir neçə aspektdən dəyərləndirmək olar.
Birincisi, Fransiskin Parolinin memarı olduğu siyasəti Vatikanın ənənəvi katolik dünyasından uzaqlaşması kimi qiymətləndirilirdi və bu, dini mühafizəkarlarla kilsənin qlobal siyasətdə yön dəyişdirməsini qəbul etməyənləri onlara qarşı birləşdirirdi;
İkincisi, katolikliyin “əsas elektoratı”nın yerləşdiyi Latın Amerikasında Vatikanın mövqelərinin zəifləməsi – inancın geriləməsi son illər xüsusilə müzakirə mövzusuna çevrilib və bu kontekstdə Taxt-Tacın rəhbərliyinin diqqəti bura yönəltməməsi, əvəzində “yeni dünyaya açılışı” narazılıq yaradırdı.
Amerika köklərinə sahib olan Robert Prevostin (ABŞ və Peru vətəndaşlığı var, uzun illər Latın Amerikasında fəaliyyət göstərib) Roma Papası olmasında bu amilərin – Çinin katolik dünyası üzərində təsirinin artması risklərinin yaratdığı narahatlıq və Latın Amerikasında “katolik elektoratın” qorunub saxlanılması – rolu istisna edilməməlidir.
Sua yaranır: yeni Papanın seçilməsində Tramp Administrasiyasının rolu olub?
Bunu Çinlə münasibətlərin memarı olan kardinalın yox, amerikalının Papa seçilməsi və Trampın Papa geyimində olan posteri daha da aktuallaşdırır. Lakin yeni Papa Robert Prevostinin hələ birinci hakimiyyəti dövründən Trampın siyasətini açıq şəkildə tənqid etməsi şübhələrə də yol açır. XIV Leo adını daşıyan yeni Papanın seçilməsində amerikalı dini elitanın dəstəyi mümkün variantlardandır. “Voll Strit Jurnal” da yazırdı ki, son illər amerikalı keşişlərin mövqeyi güclənib və onlar Fransiski, eləcə də onun siyasətinin davamını istəmirlər. Yeni Papanın dövründə Vatikanın qlobal siyasətdə yanaşmaları kəskin olmasa da, korektlərə məruz qala bilər.
Axar.az