EN

Qərbi Azərbaycan Xronikası: Paşinyanın babasının iştirak etdiyi erməni legionunu Qərbi Azərbaycanla nə bağlayır?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Zəngəzurdan Hitlerin kabinetinə uzanan qaranlıq tarix” adlı süjetdə Qərbi Azərbaycanda erməni nasizminin törətdiyi qırğınlar, Ermənistanda nasizmin qəhrəmanlaşdırılması və təbliğindən bəhs olunur.

Bildirilir ki, Birinci Dünya müharibəsindən sonra Türkiyəyə qarşı döyüşən erməni daşnaklar Qərbi Zəngəzur bölgəsinə də soxularaq, qondarma “Böyük Ermənistan” xülyalarını reallaşdırmaq məqsədi ilə mülki əhaliyə qarşı soyqırımları törədib: “1919-cu ilin sentyabrında Zəngəzura göndərilən casus Qaregin Njde azərbaycanlılara qarşı soyqırımı aktları törədib, mülki əhalini öz yurdundan deportasiya edib, kəndləri yandırıb”.

Qeyd edilir ki, Qərbi Azərbaycan torpaqları bu gün Ermənistan adlanan dövlətin nəzarəti altına düşüb: “Qaregin Njde, nasizm Ermənistanda dövlət səviyyəsində qəhrəmanlaşdırılır və təbliğ edilir. 2016-cı il mayın 28-də İrəvanın mərkəzində Njdenin 130 illiyi münasibətilə 6 metrlik abidəsi ucaldılıb. Bu prosesə rəhbərlik edən o vaxtkı Prezident Serj Sarkisyanın rəhbəri olduğu "Respublikaçılar" Partiyanın gerbində nasizm simvolunun əks olunması təsadüfi deyil. 2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan “demokrat” imici yaratmağa çalışsa da, daşnak-nasist ideologiyasına əsaslanan erməni xislətindən əl çəkə bilmədi və Njdenin qəhrəmanlaşdırılmasına, ümumiyyətlə, nasizmin təbliğatına xüsusi diqqət ayırdı”.

Diqqətə çatdırılır ki, Prezident İlham Əliyev 2019-cu ildə MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən toplantısında Ermənistanın Njdenin timsalında nasizmi qəhrəmanlaşdırılmasını gündəmə gətirdi və post-sovet məkanında diqqəti bu məsələyə yönəltdi: “Bundan sonra Ermənistan hökumətinə Njdenin heykəlinin sökülməsi ilə bağlı müxtəlif çağırışlar edilsə də, Baş nazir Nikol Paşinyan bu çağırışları qulaqardına vurdu. Çünki Paşinyanla eyni adı daşıyan babası Nikol Paşinyan da 1943-cü ildə Qarehin Njdenin legionunda Almaniya cəbhəsində vuruşub.

Sonda vurğulanır ki, faşizm üzərində qələbənin 80-ci ili qeyd olunduğu dövrdə Ermənistan nasizmin qəhrəmanlaşdırılması və təbliği siyasətindən əl çəkməyib: “Lakin bunun nəhayətdə sonu olacaq. Vətən müharibəsindən sonra Qərbi Azərbaycana, ötən əsrin əvvəlində nasist Njde və dəstəsinin qırğınlar törətdiyi torpaqlara qayıdış reallığı yaranıb. Artıq Njdenin Zəngəzurda və İrəvanda qoyulmuş abidələrinin sökülməsinin, Cənubi Qafqazda, ümumilikdə post-sovet məkanında nasizmin qəhrəmanlaşdırılmasına son qoyulmasının vaxtı çatıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Chosen
0
38
report.az

10Sources