"Məğlubiyyətimizə bəraət yoxdur. Fiziki yorğunluq səbəb ola bilməz. Çünki rəqib də eyni şərtlər altında mübarizə aparır".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.
O, bu gün Azərbaycan Basketbol Liqasında final seriyasının 4-cü oyununda "Neftçi"yə məğlubiyyətin (66:84) səbəbini izah edib: "Rəqib mobil oyun sərgilədi. Bizdə isə heç nə alınmadı. Növbəti görüşün bazar günü keçirilməsi oyunçulara bir qədər istirahət verməyə şərait yaradır. Bu pley-offdur. Final seriyasında hər iki tərəf ən yaxşı oyununu göstərməyə çalışır. Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır. Ümumi hesab 2:2-dir. Hər şey yenidən başlayır".
Qeyd edək ki, final seriyasında 2:0 öndə olan "Sabah" ardıcıl 2 qarşılaşmada uduzub. Seriyada ən tez 4 qələbə qazanan komanda Azərbaycan çempionu tituluna yiyələnəcək.