8 may 2025-ci il tarixində Tallin şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçirilib.
Aznews.az xəbər verir ki, XİN-dənverilən məlumata görə məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniya nümayəndə heyətinə isə Estoniya Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin baş direktoru Tiina Nirk rəhbərlik edib.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq və maraqlarının müdafiəsi ilə əlaqədar effektiv konsulluq yardımının göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, Azərbaycan Respublikasının və Estoniya Respublikasının viza siyasətinə dair fikir mübadiləsi aparılıb.