İngiltərə millisinin və “Tottenhem”in 28 yaşlı hücumameyilli yarımmüdafiəçisi Ceyms Meddison üçün cari mövsüm erkən başa çatıb.
Arena.az bu barədə “Tottenhem”in mətbuat xidmətinə istindən məlumat verir.
“Mahmızlar”ın yunanəsilli avstraliyalı baş məşqçisi Angelos Postekoqlu futbolçunun, Avropa Liqası yarımfinalının “Bodo Qlimt”lə ilk oyununda (evdə 3:1) zədələndiyini bildirib:
“Medders” ilk oyunda dizini zədələyib və indi mövsümün qalan hissəsini buraxmaq məcburiyyətindədir. Əlbəttə, o, çox pərişandır. Mövsümün son hissəsində o, bizim üçün vacib əhəmiyyət kəsb edirdi, xüsusən avrokuboklarda”, deyə “Ange” vurğulayıb.
Ceyms Meddison “Koventri Siti”nin məzunudur. Futbolçu, karyerası ərzində “Norviç Siti”, “Aberdin” və “Lester Siti”də çıxış edib. “Tottenhem” Meddisonu 2023-cü ilin iyun ayında “tülkülər”in düşərgəsindən tamhüquqlu əsasda “mahmızlar”ın heyətinə qatıb. İngilis futbolçunun London klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Meddison “Tottenhem” üçün 45 oyna çıxıb, 12 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib.
Meddisonun “mahmızlar”ın heyətində çıxışının ümumi mənzərəsi 75 oyun, 16 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Ceyms Meddison 2019-cu ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 7 oyun keçirib, 1 məhsuldar ötürmə verib.
Ceyms Meddisonun qənimətlər muzeyində “Lester Siti” ilə qazandığı İngiltərə Premyer Liqası (2021/2022) və İngiltərə Kuboku (2021) var.
“Transfermarkt” internet-portalı 28 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.