EN

Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri Yüksək Dialoqa yekun vurub - Fotolar

Azərbaycan

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetləri (MMU) arasında Təlim-Tədris Prosesinin Təkmilləşdirilməsi üzrə Yüksək Dialoq öz işini uğurla yekunlaşdırıb.

Reyting.az
-ın məlumatına görə, MMU-nun tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda baş tutan tədbirdə hər iki ölkənin hərbi ali təhsil müəssisələrinin rektorları, generallar, zabitlər, professor-müəllim heyəti və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar Hərbi İnstitutun tədris prosesi, kursantların hazırlıq səviyyəsi və professor-müəllim heyətinin fəaliyyəti ilə yaxından tanış olublar. Eyni zamanda, zəngin eksponatlara malik institutun muzeyi ziyarət edilib, əraziyə baxış keçirilib və mövcud infrastruktur barədə ətraflı məlumat verilib.

Təqdimatlar zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb, hərbi təhsilin gələcək inkişaf perspektivləri, metodoloji yanaşmalar və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 5-ci ildönümünə həsr olunan “Zəfər auditoriyası”nda sərgilənən “Qarabağ Azərbaycandır!” tablosunun yaradılma prosesi də iştirakçılara təqdim olunub.

Yüksək Dialoqun sonuncu günündə təşkil olunan iclaslarda Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Hərbi İdarəetmə və Hərbi Elmi Tədqiqat İnstitutları, Hərbi Kolleclər və Xarici Dillər Mərkəzini təmsil edən işçi qrupların mütəxəssisləri tərəfindən məruzələr təqdim olunub.

Məruzələrdə Azərbaycan və Türkiyə arasında hərbi təhsil sahəsində mövcud əməkdaşlıq formatları, inkişaf istiqamətləri və qarşıda duran hədəflər ətraflı şəkildə təhlil edilib. Həmçinin qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda çıxış edən MMU rektorları – general-mayor Gündüz Əbdülov və professor Erhan Afyoncu Yüksək Dialoqun ikitərəfli strateji əməkdaşlığın dərinləşməsinə verdiyi töhfəni yüksək qiymətləndirib, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonda iştirakçılarla xatirə şəkli çəkdirilib.




Chosen
0
1
reyting.az

2Sources