Cari ilin yanvar-mart ayları ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində mövcud olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər 7,3 milyon manat vəsaitə qənaət ediblər.
Agentliyin məlumatına görə, ümumilikdə isə tətbiq edilən güzəştlər nəticəsində bu günədək qənaət edilən vəsaitin həcmi 511 milyon manatı üstələyir.
Ölkədə mövcud sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes məkanıdır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları formalaşdırılıb. Sənaye zonalarında sahibkarlar əlavə texniki şərtlərin alınması tələbi olmadan dövlət vəsaiti hesabına hazır mövcud infrastruktur imkanlarından istifadə etməklə öz layihələrini icra edə bilərlər.
Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.