Premyer Liqaya vəsiqə qazanan "İmişli" ev oyunlarını Bakıda keçirəcəyi böyük ölçüdə məlum olub.
Sual yaranır - İmişli klubu niyə müvəqqəti Bakıda oynamalıdır?
Stadion yoxdur, yoxsa sökülüb və yerində yenisi inşa edilir?
Axı bu komandanın İmişlidə müasir standartlara cavab verən arenası var.
Bəli, baxımsızlıqdan Premyer Liqa üçün yaramır.
Deyə ki, uzun müddət bu rayonda böyük futbol olmadığı üçün arzuolunmaz vəziyyət başadüşüləndir.
Bəs son 3 mövsümdə Birinci Liqada çıxış edən klub rəhbərliyi niyə acınacaqlı durumu görməzdən gəlib?
Nəzərə alaq ki, aran təmsilçisinə dövlət dotasiyasının ayrılmasından əlavə sponsor dəstəyi də göstərilir.
3 il müddət az zaman kəsiyi deyil.
Deməli, bu müddətdə müəyyən işlər tədricən görülsəydi bu gün belə problemlər olmazdı.
Bunu da keçdik...
Ən azı 2 ay əvvəldən aşağı-yuxarı "İmişli"nin ən pis halda üçüncü yerin sahibi kimi elitaya qayıdacağı gözlənilirdi.
Ötən ay isə məsələ tam olaraq həllini tapdı.
Yeni mövsümün startına nə az-nə çox 3 ay müddət qalır.
Rəhbərlik əlini çırmalayıb, bir ot örtüyünü normal vəziyyətə gətirə bilmir?
"Turan" rəhbərliyinin bir neçə ayın içində sıfırdan ərsəyə gətirdiyi stadiondan utanmırsınız?
Nə çətin işdi axı İmişli şəhər stadionunun örtüyünü normal hala salmaq?
Bəs dövlət 2,5 milyon dotasiyanı niyə ayırır?
Ayırır ki, o pulu gətirib Bakıda otellərə, stadion arenalarına verəsiniz?
Hə, kimsə deyə bilər ki, klub hələ həmin 3 milyonu almayıb.
Amma alacaq da. Cəmi 1 neçə aydan sonra. İndi 200-300 min manat ən pis halda borc tapıb iş görmək olmaz? Sıfırdan stadion qurulmur e.
Hazır var, sadəcə yararlı vəziyyətə gətirmək lazımdır.
Turan Tovuz 9 ildən sonra Premyer Liqaya qayıdanda dövlət dotasiyanından 1 manat da almamışdı.
Amma Gürcüstana təlim-məşq toplanışına getmişdi.
Nə pulu vardı, nə də sponsoru. Sadəcə İcra Hakimiyyətindən lazım olan pulu borc almışdılar.
Dövlət dotasiyası büdcəyə köçən kimi də borc qaytarıldı.
Yox, 200-300 min manatlıq problemi həll edə bilmirsinizsə...
Bu başqa məsələ. O zaman özünüzə klub prezidenti deməyin.
Premyer Liqaya yüksəlməyi qeyd etməyin.
Utanın və elə indi çıxın gedin. Bu qədər aciz rəhbər olmaq olmaz.
XANOĞLAN İMANOV