EN

Ekspert: Ali məktəblərdə təhsil haqları 20%-ə qədər artıb

"2025-ci tədris ili üçün Azərbaycan universitetlərində illik təhsil haqlarında ötən illə müqayisədə diqqətəlayiq dəyişikliklər qeydə alınıb. Bu dəyişikliklər həm dövlət, həm də özəl universitetləri əhatə edir və əsasən inflyasiya, təhsil müəssisələrinin artan xərcləri, maddi-texniki bazanın yenilənməsi və kadr potensialının saxlanılması zərurəti ilə izah olunur. Dövlət universitetlərində təhsil haqları orta hesabla 5-15% arasında artıb, bəzi özəl universitetlərdə isə bu artım 20%-ə qədər yüksəlib".

Bu barədə Operativ Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov məlumat verib.

Bəs artımlar hansı universitetlərdə və ixtisaslarda müşahidə olunur?

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bəzi ixtisaslarda təhsil haqları artırılıb. Məsələn 2024-cü ildə Maliyyə ixtisası üzrə illik təhsil haqqı 2400 manat idisə, 2025-ci il üçün bu məbləğ 2600 manata yüksəlib. Mühasibat ixtisasında artım 2300 manatdan 2500 manata, İqtisadiyyat ixtisasında isə 2100 manatdan 2300 manata çatıb. Biznesin idarə edilməsi ixtisasında dəyişiklik 2300 manatdan 2500 manata qədər olub. Kompüter mühəndisliyi üzrə isə qiymət 2000 manatdan 2200 manata yüksəlib. Yəni,bu universitetdə təxminən 200-300 manatlıq artım müşahidə olunur və orta hesabla bu 10-13%-lik bir yüksəliş deməkdir.

Azərbaycan Texniki Universitetində də oxşar artımlar qeydə alınıb. 2024-cü ildə İnformasiya texnologiyaları üzrə təhsil haqqı 2000 manat idisə, 2025-ci ildə bu məbləğ 2200 manata yüksəlib. Elektroenergetika, nəqliyyat və digər mühəndislik sahələrində isə artım daha az olub – təxminən 100-150 manat civarında.

Azərbaycan Dillər Universitetində tərcümə və filologiya ixtisaslarında 2024-cü ildə 1800 manat olan təhsil haqqı 2025-ci ildə 2000 manata yüksəlib.

Xəzər Universitetində isə 2024-cü ildə “İqtisadiyyat” ixtisası üzrə illik ödəniş 3500 manat idisə, 2025-ci ildə bu məbləğ 4000 manata çatıb. Eyni zamanda “Menecment” və “Beynəlxalq münasibətlər” ixtisaslarında da təhsil haqları 3000 manatdan 3500 manata qədər artırılıb.

Bakı Ali Neft Məktəbində isə yalnız bir neçə texniki ixtisas üzrə 100-200 manat artım qeydə alınıb.
 

Təhsil haqları necə müəyyənləşdirilir?
 

Ekspert bildirir ki, təhsil haqları əsasən kredit sayına, ixtisasın populyarlığına, əmək bazarındakı dəyərinə və universitetin reputasiyasına görə müəyyənləşdirilir:

"Ali məktəblərdə təhsil haqları kredit sayına, ixtisasın populyarlığına, əmək bazarındakı tələblərə və universitetin reputasiyasına əsasən müəyyənləşdirilir. Mühəndislik, iqtisadiyyat, kompüter elmləri və süni intellekt kimi sahələrdə təhsil haqları daha yüksək olur. Əksinə tarix, filologiya, kitabxanaçılıq, sənətşünaslıq və pedaqoji ixtisaslarda təhsil haqları nisbətən sabit qalır çünki bu sahələrdə tələb və əmək bazarının tələbləri daha aşağıdır".

2025-ci ildə dövlət universitetlərində orta təhsil haqqı 2200-2500 manat arasında dəyişir. 2024-cü ildə isə bu göstərici 1900-2300 manat arası idi. Özəl universitetlərdə isə orta təhsil haqqı 4000-5000 manat arasında dəyişir. Bu vəziyyət isə sosial-iqtisadi baxımdan təhsilin əlçatanlığı məsələsini daha da aktuallaşdırır.

1Sources