"Hər iki ölkə hegemonluğun və güc siyasətinin bütün formalarına qarşı çıxır..."
Tramp NATO-nu və ümumilikdə Qərbi dağıtmaq üçün ciddi səylər göstərdiyi bir vaxtda, Şərqdə yeni aqressiv koalisiya formalaşır.
Moderator.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.
Nəşr qeyd edir ki, Çin diktatoru Si Tszinpin mayın 9-da Moskvada keçiriləcək diqqətlə səhnələşdirilmiş hərbi paradda əsas qonaq olacaq. Çin liderinin dörd günlük dövlət səfəri Rusiya bayramları fonunda Putinlə "qarşılıqlı etimadı dərinləşdirmək" məqsədi daşıyır.
Məqalə müəllifinin qeyd etdiyinə görə, Trampın yaratdığı parçalanmalar fonunda Si Tszinpinin Moskvada iştirakı iki avtokrat və onların ölkələri arasında birliyin açıq nümayişidir.
Si Tszinpin səfərdən öncə Rusiya dövlət mediasında dərc olunan və müəllifi özü olan məqalədə bildirir ki, hər iki ölkə "hegemonluğun və güc siyasətinin bütün formalarına qətiyyətlə qarşı çıxmalı", həmçinin "dostluqlarına müdaxilə və ya onun pozulması cəhdlərinə qarşı durmalıdır".
Mayın 9-da Moskvada Braziliya prezidenti Luis İnasio Lula da Silva, Vyetnam prezidenti To Lam və Belarus lideri Aleksandr Lukaşenko da daxil olmaqla başqa liderlərin də iştirakı gözlənilir. Paradda Çin Xalq Azadlıq Ordusunun fəxri qarovul hərbçiləri də iştirak edəcək.
Bu, Si Tszinpinin Rusiyaya genişmiqyaslı Ukrayna işğalı başlayandan bəri üçüncü səfəridir. Yeni səfər ABŞ və Çin arasındakı ticarət müharibəsi fonunda baş tutur və Pekin dostluq münasibətləri, o cümlədən ticarət tərəfdaşlıqlarını Rusiya kimi ölkələrlə möhkəmləndirməyə ehtiyac duyur.
Vaşinqtondakı Stimson Mərkəzinin Çin proqramının direktoru Yun Sun bildirib: "Hazırda Çin və Rusiya arasında birgə mövqe nümayiş etdirmək üçün daha çox stimul var. Vaşinqtonun siyasətinin dünyada yaratdığı çaxnaşmalar fonunda Çin və Rusiya göstərmək istəyir ki, amerikasızlaşdırma artıq başlayıb. Onlar ABŞ-ın birtərəfli və hegemon siyasətinə qarşı daha çox dəstək üçün açıq çağırışlar edəcək".
Bütün bunlar Rusiyanın Avropada qanlı işğalçı müharibə apardığı, Pekinin isə Cənubi Çin dənizində və Tayvana qarşı aqressiv addımlarını artırdığı bir vaxtda baş verir.
Si Tzinpin Moskvaya rəsmi səfərə gəlib

Çin rəhbəri artıq Moskvadadır və Rusiya diktatoru Vladimir Putinlə görüşüb. Putin qeyd edib ki, iki ölkə arasında münasibətlər "bərabərhüquqlu və qarşılıqlı faydalı" xarakter daşıyır və Rusiya ilə Çin "xalqın rifahı naminə əlaqələr qurur, heç kimə qarşı deyil".

Eyni zamanda Si Tszinpin bəyan edib ki, Çin Rusiya ilə birlikdə İkinci Dünya Müharibəsi tarixi haqqında həqiqəti müdafiə etməyə, dövlətlərimizin və bütün inkişaf etməkdə olan ölkələrin maraqlarını və hüquqlarını qətiyyətlə qorumağa hazırdır".

Ekspertlərin qeyd etdiyinə görə, Rusiya ilə Çin arasında danışıqlarda Ukraynadakı müharibə gündəmin əsas mövzularından biri olacaq. Onların sözlərinə görə, Putin atəşkəs halında Çinin mümkün sülhməramlı rolu barədə danışmaq istəyəcək.