Xalq artisti, xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Arif Babayevə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Heydər Əliyev Mükafatı verilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Musavat.com-un əməkdaşı xanəndə ilə əlaqə saxlayaraq səhhəti ilə maraqlanıb, həm də təəssüratlarını öyrənib:
- Arif bəy, necəsiniz? Səhhətiniz nə yerdədir?
- Yaxşıyam, Allah razı olsun. Mərkəzi Klinikada müalicə alıram, bir neçə günə evə buraxılacağam. Bir neçə gündür ki, buradayam. Sənət dostlarım zəng edirlər, baş çəkirlər.
- Bu gün sizə Heydər Əliyev Mükafatı verilib. Kimdən bu barədə xəbər tutdunuz?
- Oğlum Yaşar zəng edib dedi. Hamı təbrik edir. Açığı, belə bir şeyi gözləmirdim. Böyük xəbərdir. Mənim üçün tarixi bir gündür. Allah Heydər Əliyevə rəhmət etsin. Dövlətimiz heç vaxt məni yaddan çıxartmadı.
- Arif müəllim, ömrün bu çağında nə kimi arzularınız var?
- Arzum sağ-salamat olmaqdır. Ölkəmiz firəvan olsun, insanlarımız rahat yaşasın. Torpaqlarımız azad olundu. Daha nə istəyim ki... Bundan böyük nə sevinc olar ki. Hər şeydən razıyam.
- Həmişə oxuyan, yaradan adam olmusunuz. İndi ürəyinizdən hansı mahnını oxumaq keçir?
- Səhhətim yol verir ki... Özümü yaxşı hiss etmirəm. Sağlıq olsun, müalicə olunuram. Bəlkə haçansa bir daha oxuya bildim. “Qarabağ” şikəstəsini nə oxuyardım... Ürəyim yanır oxumaq üçün.
- Bəs vaxtı ilə ifa etdiklərinizdən dinləyirsinizmi?
- Danışa bilmirəm. Bir az danışan kimi yoruluram.
Qeyd edək ki, Xalq artisti bir neçə dəfə insult keçirib.