EN

“Karvan” rəhbərliyi kluba ayrılacaq maliyyə vəsaitini artıra bilər

Azərbaycan I Liqasında çıxış edən “Karvan” rəhbərliyi kluba ayrılacaq maliyyə vəsaitini artıra bilər.

Bu barədə “Report”a açıqlamasında Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov deyib.

Mütəxəssis bu məsələyə mövsümün sonunda rəhbərliklə görüşdə aydınlıq gələcəyini bildirib:

“Hazırda komandada baş verəcək dəyişikliklərlə bağlı danışmaq istəmirəm. Çünki çempionatda ikinci yeri tutmağa köklənmişik. Mövsüm bitəndən sonra klub rəhbərliyi ilə görüşümüz olacaq. Həmin görüşdə “Karvan”a ayrılan maliyyə vəsaitinin artırılıb-artırılmayacağına aydınlıq gələcək”.

K.Kərimov komanda ilə bağlı sualı da cavablandırıb:

“Birinci Liqa və Premyer Liqanın səviyyəsi eyni deyil. Təbii ki, heyətdə dəyişikliklər olacaq. Bir neçə futbolçunun komandada qalmaq ehtimalı var. Legionerlərdən Ezekiel Morqanı “Kəpəz”dən icarəyə götürmüşdük. Peter Kinqslə daha bir illik müqaviləmiz var. Çox güman, komandada qalacaq. Hazırda 4 legioner futbolçumuz var və hər birinin komandaya faydası dəyib”.

Qeyd edək ki, “Karvan” Azərbaycan I Liqasında 24 turdan sonra turnir cədvəlində 46 xalla üçüncü pillədə qərarlaşıb. Komanda Misli Premyer Liqasına vəsiqəni təmin edib.

Chosen
0
report.az

1Sources