EN

Təhsil sistemi uşaqları "bal yığmaq" üçün proqramlaşdırır

Gənclər nə düşünə bilir, nə yaza bilir, nə də yaradıcı ola bilir. DİM-in yaratdığı bu mexaniki sistem beyinləri sıradan çıxarıb. Ruhsuz, düşüncəsiz, sadəcə “bal yığmaq” üçün proqramlaşdırılmış şagirdlər ordusu formalaşır.

 

Azərbaycanda təhsil alan gənclər son illərdə yaradıcılıqdan, tənqidi düşüncədən uzaqlaşır, yalnız imtahan nəticələrinə fokuslanır. Bu vəziyyət onların inkişafına necə təsir edir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, Kamran Əsədov məsələni bir neçə amillə izah edib:

 

“Azərbaycanda təhsil sistemi artıq gələcək qurmaq üçün yox, uşaqları yarış atı kimi imtahana sürükləyən, psixoloji və intellektual cəhətdən çökdürən bir mexanizmə çevrilib. Bu sistemin mərkəzində isə Dövlət İmtahan Mərkəzi (DİM) dayanır- düşünən yox əzbərləyən beyinlərin fabrikidir DİM. Bu qurum şagirdi uşaq yox statistik vahid kimi görür. İlin əvvəlindən ilin sonuna qədər uşağın bircə dərdi var: test, test, yenə də test. Kitab yox, düşüncə yox, analiz yox. Yalnız cavab variantı A, B, C, D, E.

 

“Bu gün məktəblərdə şagirdlər bədii ədəbiyyatdan uzaq salınıb. Çünki vaxtları yoxdur”, - deyə ekspert qeyd edib:

 

“Nəyə sərf olunur o vaxt? 50-ci dəfə eyni tipli test tapşırığını əzbərləməyə. Uşağın əlində Dostoyevski yox, test toplusudur. Oxuduğu yeganə “kitab” – cavab açarlarıdır. Bəs nəticə nədir? 600 bal toplayan gənc “insan nə üçün yaşayır?” sualına cavab verə bilmir. “Vətən nədir?” deyəndə testdəki variantlara baxır. Bu gənclər nə düşünə bilir, nə yaza bilir, nə də yaradıcı ola bilir. DİM-in yaratdığı bu mexaniki sistem beyinləri sıradan çıxarıb. Ruhsuz, düşüncəsiz, sadəcə “bal yığmaq” üçün proqramlaşdırılmış şagirdlər ordusu formalaşır.

 

Ədəbi dəyər yoxa çıxıb, təfəkkür sönüb, duyğu qısırlaşıb. Uşaqlar bir roman oxumadan məktəbi bitirirlər. Bədii ədəbiyyat yox, həyat dərsi yox, dəyərlər yox. DİM bu uşaqları şagird kimi yox, robot kimi görür. Onların içindəki insanı yox, yalnız cavab verə bilən maşını inkişaf etdirir. Bu, birbaşa mənəvi qətliamdır. Əgər bir sistem uşağın uşaq kimi yaşamasına, nəfəs almasına, düşünməsinə imkan vermirsə, o sistem cinayətkardır".

 

K.Əsədov qeyd edib ki, DİM bu gün şagirdlərin potensialını yox, psixikasını qiymətləndirir. Onlara “nə qədər əzbərləmisən?” sualını verir, “nə qədər anlamısan?” sualını yox:

 

“Cəmiyyətə verdiyimiz bu “bal toplama mütəxəssisləri” sabah nə yazacaq, nə yaradacaq, nə də lider olacaq. Çünki kitab oxumayan, düşünməyən, sual verməyən bir insan sadəcə başqalarının hökmünə boyun əyən bir kölgədir. DİM isə minlərlə belə kölgə yetişdirir. Bu, təkcə təhsilin böhranı deyil, bu, gələcəyin itkisidir.

 

Bizi qurtaran nə təhsil nazirliyi olacaq, nə də DİM-in yeni qaydaları. Bizi yalnız düşünən, oxuyan, danışan, yazan bir nəsil xilas edə bilər. Amma bu nəsil ancaq test kitablarından xilas olduqda yaranacaq. Əks halda biz yalnız daha çox bal, daha az beyin sahibi olan bir toplumun içinə düşəcəyik. Və o zaman artıq gec olacaq”.

Chosen
0
azedu.az

1Sources