EN

Ulu Öndərin anadan olmasının 102 illiyi münasibəti ilə Nyu-Yorkda şahmat turniri keçirilib

ABŞ-nin Nyu-York şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə şahmat turniri keçirilib.

Turnir uzun illər Birləşmiş Ştatlarda fəaliyyət göstərən beynəlxalq dərəcəli şahmat ustası Elvin Bağır-Pourun rəhbəri olduğu "Chess Father" şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Açılış mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.

Elvin Bağır-Pour Ulu Öndərin Azərbaycanda şahmatın inkişafındakı əvəzsiz rolu haqqında danışıb. O, Ümummilli Liderin şahmatın inkişafını daim diqqət mərkəzində saxladığını bildirib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə respublikada ilk dəfə şahmat məktəbləri inşa olunub, istedadlı şahmatçılara müxtəlif yarışlarda iştirak etmək üçün şərait yaradılıb.

Turnirdə 5-60 yaş arasında 50 nəfərdən çox idmançı iştirak edib. İsveçrə sistemi adlanan qaydaya əsasən idmançılar hər biri 15 dəqiqə olmaqla 6 görüşdə hakimlərin nəzarəti altında mübarizə aparıblar. Yarışda dünyaca məşhur qrossmeysterlər Maksim Dluqi və Mark Paraqua da iştirak edib.

Sonda  Mikola Bortnik 1-ci yer, Syed Ali Hayder 2-ci yer, Teodr Pimanof 3-cü yerə çıxıb. Qaliblərə kubok və pul mükafatı, digər  iştirakçılara isə sertifikatlar verilib.

Turnir haqqında ətraflı məlumatı aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.uschess.org/msa/XtblMain.php?202505033722-11435629

Qeyd edək ki, şahmat turniri Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündən başlayaraq artıq üçüncü dəfədir keçirilir. Turnir ABŞ Şahmat Federasiyası tərəfindən rəsmi qeydə alınıb.

Chosen
0
3
xalqqazeti.az

4Sources