EN

DAHİLƏRİN MİSSİYASI

Hüseyn Cavid Azərbaycan ədəbiyyatı və dramaturgiyasının özünəməxsus imzası olan simalarından biridir. Onun nəcib əməllərlə döyünən ürəyi, böyük Vətən sevgisi, əsərlərinin sətirlərində öz əksini tapmışdır. Dahi şairimiz Vətənin sevincini öz sevinci, kədərini isə öz kədəri bilmişdir. Görünür onun məhz bu xüsusiyyətləridir ki, onilliklər sonra da onun ehtiramla anılmasına səbəb olur. O, həm filosof şair, həm də dramaturq idi. Ədib bütün şüurlu fəaliyyətini ədəbi yaradıcılığa, şeirə, sənətə, maarifə, məktəbə, təlim və tərbiyəyə həsr edib. Ən çox dram əsərləri ilə tanınan şair yaradıcılığında zülmə və insanlığa düşmən kəsilən qara qüvvələrə qarşı mübarizəyə yer versə də, təəssüf ki, taleyin qəribə oyunlarından sonra şairin özü də bu şər qüvvələrin qurbanına çevrildi. Faciə janrında yazan şairin öz həyatı da faciə ilə sonlandı. 1937-ci ilin repressiya qurbanı olan Cavid iki il Bakıda Bayıl və Keşlə həbsxanalarında saxlanıldıqdan sonra 1939-cu ildə Maqadana sürgün edildi. Böyük şair Sibirin buzlu çöllərində qəlbində Vətən həsrətilə 5 dekabr 1941-ci ildə əbədiyyətə qovuşdu.

Hüseyn Cavid Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə böyük ehtiram göstərdiyi və yaradıcılığını yüksək qiymətləndirdiyi mütəfəkkirlərdən biri idi.

O, Cavid irsi ilə bağlı nitqlərinin birində qeyd edir ki, Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır. Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə sadiq olmuşdur, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur.

Ulu Öndərin təşəbbüsü ilə böyük dramaturq Hüseyn Cavidin nəşinin doğma vətəninə gətirilərək dəfn edilməsi Sovet İttifaqı hakimiyyətinin ən güclü dövrlərində baş tutmuşdu. 1982-ci ilin sonunda Heydər Əliyev Moskvaya gedənə qədər Cavidlə bağlı mühüm işlər görmüşdü. Elə həmin ildə Azərbaycanda keçmiş SSRİ-nin heç bir respublikasında analoqu olmayan bir hadisə baş verdi. Cavidin cənazəsi İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndindən Vətənə gətirildi. O zaman insanların çoxu bilməsə də müəyyən insanlar başa düşürdü ki, bu müşkül işin arxasında kimsə çox güclü bir insan durur. Minlərlə repressiya qurbanlarından qürbətdən doğma Vətənə qayıdan, Ana torpağa qovuşan yeganə şəxs Hüseyn Cavid idi. Bu çətin, məsuliyyətli işin öhdəsindən layiqincə gələn Heydər Əliyev sonralar həmin prosesi belə xatırlayırdı: "Əsərlərini oxuduqca Cavidin Azərbaycan üçün necə böyük bir sərvət olduğunu bir daha yəqin edirsən. Onun qəbrini tapmaq, sümüklərini gətirib doğma torpağında basdırmaq o qədər də asan deyildi. Etiraf edək ki, o dövrlərdə 1937-38-ci illərin qurbanlarına münasibət hələ başqa idi. Cavidə "millətçi", "pantürküst" damğası vurmuşdular. Baxmayaraq ki, yavaş-yavaş Cavidin əsərləri çap olunmağa, teatrlarda göstərilməyə başladı, lakin o damğa hələ də üstündən götürülməmişdi. Odur ki, belə qərara gəlmək mənim üçün o qədər də asan deyildi. Cavidin qəbrini tapdıq. Şairin qızı Turan xanım çox istəyirdi ki, o, Bakıda, Fəxri xiyabanda dəfn olunsun. Mən təklif etdim ki, Cavid Naxçıvanda, anadan olduğu yerdə dəfn edilsin. Qoy tarix aydın etsin hansı təklif daha düz olub! Fəxri xiyabanda yan-yana yatan dahilər çoxdur, lakin Naxçıvan torpağında onun qəbri ziyarətgaha çevriləcək. Mən belə fikirləşdim ki, Cavidin qəbri üzərində Nizaminin, Vaqifin məqbərəsi kimi məqbərə tikilsin. Bundan qabaq isə biz Naxçıvanda onun ev-muzeyini açmışdıq. Zənnimcə, bu, tək xeyirxahlıq deyil, mənim xalqım qarşısında borcumdur. Əgər xalq o dövrdə mənə inanmışdısa, öz taleyini mənə tapşırmışdısa, mən onun haqqında düşünməli idim".

Ümummilli Lider Heydər Əliyevin Cavid taleyinə münasibəti siyasi liderin xalqın klassik irsinə ən gözəl nümunəsidir.

Cavidlər ailəsinin "sonuncu moqikanı" olan Turan Cavid inanmırdı ki, kommunist rejiminin repressiyaya uğratdığı Hüseyn Cavid yenidən layiq olduğu səviyyəyə ucala bilər. Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlməsi və tez bir zamanda Cavid ədəbi irsi ilə maraqlanaraq diqqət və qayğı göstərməsi Turan Cavidin ölmüş ümidlərini dirçəltdi. Ümumilli liderin dediyi kimi, xalqımız hər zaman ona güvənirdi.

Turan Cavid atası haqqında xatirələrindən bəhs edərkən deyir ki, noyabrın 1-dən 2-nə keçən gecə cənazə Şirvanşahlardan Əlyazmaların zalına (indiki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binası), ikinci mərtəbəyə gətirildi. Ayın 2-də saat 12-də Əliyev gəldi. Fəxri qarovulda durdu. Sonra Əliyev mənə yanaşdı. 100 illik yubiley tədbirləri ilə maraqlandı, dedim hər şey yaxşıdı, ancaq muzey məsələsi qalıb. Soruşdu harda yaşamısınız, evimizin yerini göstərdim. Sual verdi ki, bura məgər yaşayış binası olub? Dedim ki, xeyr, seminariyaydı, amma iki ailə burada yaşayıb, Pənah Qasımovun və Cavidin ailəsi..

Ulu Öndər Naxçıvana qayıdandan sonra ilk öncə Cavidin məzarını ziyarət etmişdi və hətta yerli vəzifə sahiblərini danlamışdı ki, mən bu qədər əziyyətlə Cavidi gətirdim, siz isə bir dənə qəbir də düzəldə bilməmisiniz.

1991-ci ildə Cavidin yaşamadığı otaqlarda yaradılmış xatirə muzeyi Ulu Öndər Bakıya gələndən bir müddət sonra Turan xanımın müraciəti nəticəsində – 1995-ci ildə Cavidin vaxtilə iqamət etdiyi mənzildə ev muzeyinin açılması və Elmlər Akademiyasına verilməsilə bağlı qərar qəbul olundu. Daha sonra məqbərənin layihələrinə baxıldı. Turan Cavid qardaşı Ərtoğrol Cavidin də məqbərəyə köçürülməsini Ulu Öndərdən xahiş etmişdi. Amma Turan xanımın qəlbində anasının da məqbərəyə köçürülmə arzusu olsa da bunu heç cür Heydər Əliyevə deyə bilməmişdi. Birini deyib, digərini də demək onun üçün ağır idi.

O, 1996-cı ilin iyunun 21-də Vəli Axundovun 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə, heç ümid etmədiyi bir halda Heydər Əliyevlə yenidən rastlaşdı. Turan Cavid deyir ki: "Ümid etməzdim ki, elə bir yerdə Əliyevi görüb sözümü deyə bilərəm. Elə oldu ki, biz çıxanda Əliyev foyedə akademiklərlə söhbət edirdi, məni görüb çağırdı. Yaxınlaşıb salam verdim. Çox sevinclə: "Xəbərin var, məqbərəni tikirlər"- dedi. "Bəli, eşitmişəm". Əlavə etdi ki, mən də gedəcəm. "Çox gözəl"- dedim. Doğum tarixini bir də soruşdu. İstədiyi o idi ki, məhz 24-də açılsın məqbərə. Əliyev söhbət etdikcə hiss edir ki, məndə o sevinc yoxdu. Birdən nəsə dayandı, diqqətlə üzümə baxdı: "Nə sözün var, de". Mən təəccüb elədim. Söz məni elə tutmuşdu ki, birdən-birə cavab verə bilmədim. - "De, çəkinmə, de, nə demək istəyirsən, de". Dedim ki, mümkün olsaydı Anamın da Məqbərəyə köçürülməsini istərdim. "Çox istəyirsən?". "Çox!"-deyə cavab verdim. "İstəyirsən, tapşırım". "Bütün sözlər minnətdarlıq üçün çox zəifdi", - dedim. "Səninçün eləmirəm ki... Onlar buna layiqdi", - dedi. Ertəsi gün öyrəndim ki, artıq layihə idarəsinə tapşırıq verilib. Vaxtilə Əshabi-Kəhfdə etdiyim duaların ikisi də yerinə yetdi. Üçünü bir yerdə görməyi və ev muzeyinin açılmasını istəmişdim. Oldu, yerinə yetdi və sentyabrın 13-də anamı buradan apardıq. Özləri təşkil etdilər. 13-də Ərtoğrol, 14-də isə Ana qoyuldu məzara".

Ulu Öndərin təşəbbüsü ilə 29 oktyabr 1996-cı ildə Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılış mərasimi keçirildi. Heydər Əliyev nitqində deyib ki: "Mən çox məmnunam, sevinirəm ki, 15 il bundan əvvəl qəbul etdiyim qərar həyata keçir. Mənim arzularım həyata keçir. Mən sizi də, özümü də bu münasibətlə təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixində yeni bir səhifədir. Naxçıvanda böyük memarlıq, milli-mədəni abidələrimiz var. Bu abidə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, "Mömünə Xatun" abidəsi kimi bu abidə də əsrlər boyu yaşayacaqdır. Güman edirəm ki, gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqdır".

2002-ci il oktyabrın 24-də Cavidin 120 illik yubileyində – Bakıda Hüseyn Cavidin Ev Muzeyi açıldı. Bu tarixi hadisədən bir gün öncə Heydər Əliyev "Hüseyn Cavidin 120 illiyi haqqında" sərəncam verdi. Muzeyin açılışında Ümummulli lider muzeyin çox maraqlı olduğunu bildirmişdir. O güman edirdi ki, Hüseyn Cavid yaradıcılığı və onun həyatı ilə maraqlanan insanlar bu muzeydə maraqlı eksponatlar görə biləcəklər. Həm də yaradıcılıqla, elmi işlə məşğul olanlar orada özləri üçünlazımi məlumatlar toplaya bilərlər.

Hüseyn Cavid ölməz əsərləri ilə adını tarixdə əbədiləşdirmiş sənətkarlardandır, Heydər Əliyev isə bu əbədiliyi tamamlayan və ona layiq olduğu qiyməti verən nadir dövlət rəhbərlərindəndir.

Bəli, Heydər Əliyev hər zaman xalqını, onun taleyini, tarixini, sonrakı aqibətini düşünürdü. Məhz bu səbəbdən o, ədəbiyyatımızın zənginləşməsi, klassik irsimizin qorunması, daha geniş tədqiq olunması və dünyaya tanıdılması istiqamətində vaxtında, doğru və riskli addımlar atmışdı. Ümummilli liderimiz Heydər Əliyev, Azərbaycan ədəbiyyatı tarixində, dramaturgiyada romantik mənzum faciə janrının banisi – Hüseyn Cavid xalqımızın qəlbində daim yaşayacaq!

Yəhyalı Günel

Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı

Chosen
0
sia.az

1Sources