EN

Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

Güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində və Qarabağda həyata keçirdiyi birgünlük  lokal antiterror tədbirləri zamanı  şanlı zəfərləri ilə sübuta yetirdi

“Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Bir daha bəyan edirəm ki, mənim üçün ən yüksək mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir.” Bütün ömrünü Azərbaycanın bugününə, uğurlu gələcəyinə  həsr edən fenomen şəxsiyyət Heydər Əliyev, eyni zamanda, bildirmişdir ki, mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respubilkasıdır, Azərbaycan vətəndışıdır.  Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Ümummilli Lider Heydər Əliyev məhz Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin böyüklüyünə söykənərək əminliklə qeyd etmişdir ki, nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!

Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir

Bu gün hər birimizin qürur duyduğumuz müasir müstəqil, qalib, yeni Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Liderin   dövlətini, xalqını canından artıq sevməsi, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı  harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya dərin vətənpərvərlik hissi aşıladı. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Zəfər tarixini yazan gənclərimiz Ulu Öndər Heydər Əliyevin məktəbindən bəhrələnən, Onun  layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin  yetişdirdiyi gənclərdir. O gənclər ki, illərdir torpaqlarımızı düşmən tapdağından azad etmək, Xankəndidə, Şuşada, Xocalıda, işğal altında olan bütün torpaqlarımızda Azərbaycan Bayrağını ucaltmaq üçün Müzəffər Ali Baş Komandandan “Hücum!” əmrini gözləyirdi. Əbəs yerə deyilmir ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Azərbaycan gəncliyi   qəhrəmanlığı, şücaəti ilə  bunu bir daha təsdiqlədi. Bu gün qalib, bütövləşən Azərbaycanın uğurlarından bəhs edirik. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir.

Bu mühüm məqam hər zaman xüsusi vurğulanır ki, dövlət o zaman güclü olur, xalq o zaman gələcəyə böyük inamla baxır ki,   milli maraqları hər şeydən üstün tutan, dövrün, zamanın tələblərini müəyyənləşdirdiyi inkişaf strategiyasında nəzərə alaraq yeni reallıqlar yaradan  Lideri vardır. Heydər Əliyev adını dövlətçilik tariximizə  məhz liderlik nümunəsini yaradan şəxsiyyət kimi əbədi həkk etdi. Onun uzaqgörənliyi bugünümüzə və gələcəyimizə hesablanmış inkişaf strategiyasında özünün aydın ifadəsini tapır. Bu baxımdan ki, Lider dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirmək imkanlarına, gücünə malik olmalıdır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrü Azərbaycanın xoşbəxt gələcəyini görməklə yanaşı, atılacaq zəruri addımların təqdimatıdır.

Tarixə, Ulu Tanrının Heydər Əliyev kimi dahi şəxsiyyəti Azərbaycan xalqına bəxş etdiyi gündən ötən 102 ilin  ayrı-ayrı dövrlərinə qısa baxış keçirək. Ulu Öndər  Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 22 il Azərbaycan SSR Ali Sovetinin və keçmiş SSRİ-nin Ali Sovetinin deputatı oldu. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutdu.  1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Ümummilli Lider  Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə işləyərkən Ulu Öndər  Heydər Əliyev keçmiş İttifaqın iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etdi.  

Böyük siyasi iradə, Vətən sevgisi, tükənməz dövlət idarəçiliyi istedadı

Azərbaycana rəhbərliyinin birinci dövründə Ümummilli Lider  Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tarixin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir. Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər  Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı Onun keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirmişdir. Ümummilli Lider  bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir.

Dahi rəhbərin həmin illərdə Azərbaycanın müstəqil gələcəyini düşünərək  gördüyü işlərdən bəhs edərkən azərbaycanlı gənclərin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi xüsusi qeyd edilir. Ümummilli Lider bildirirdi ki, indi bizim təhsilimizin məqsədi gənc nəslə təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsədimiz Azərbaycan vətəndaşını, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək vətəndaş olsun. Gərək dövlətinə, ənənələrinə, xalqına sadiq vətəndaş olsun.  Ulu Öndər, həmçinin bu çağırışı edirdi ki, cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Keçmiş Sovet İttifaqı dövründə Ulu Öndər Heydər Əliyev milli kimliyin qorunmasına, ana dilində təhsilin inkişafına böyük sərmayə yatırırdı. Dünya klassiklərinin və elmi ədəbiyyatın Azərbaycan dilinə tərcüməsi, Azərbaycan dilində günün tələblərinə uyğun bədii və elmi əsərlərin nəşri,  Konstitusiyada Azərbaycan dilinin dövlət dili statusu alması azərbaycançılıq ideologiyasının inkişafına və təbliğinə xidmət edən mühüm addımlar oldu. “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir” deyən  Ulu Öndər  Heydər Əliyev bir daha ana dilinə sevgisini, dövlətinə, xalqına bağlılığını nümayiş etdirdi. Bu çağırış Onun  təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsinin  əlavə olunmasında özünün aydın ifadəsini tapdı. Belə ki, Ümummilli Lider Heydər Əliyevin  təklifi ilə 73-cü maddənin bu redaksiyada verilməsi  təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindəndir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Azərbaycan dilinə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti mövqeyini bildirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

Əvvəldə də qeyd etdiyimiz kimi, Ümummilli Lider 1969-1982-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin ən geridə qalmış müttəfiq respublikasından   ən qabaqcıl respublikaları sırasına  çıxardı. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşdı. Məhz o illərdə yetişmiş kadrlar bu gün də müstəqil Azərbaycanda  fəaliyyət göstərərək ölkənin  ümumi inkişafını təmin edirlər.

Ümummilli Liderin titanik gücü, müdrikliyi Azərbaycanı təhlükələrdən qorudu

Bu reallıq Prezident İlham Əliyevin çıxışlarında da xüsusi vurğulanır ki, Azərbaycan xalqının faciələri Ulu Öndər  Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə Ulu Öndər SSRİ-nin ali rəhbərliyindəki vəzifələrindən istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların Kremldəki himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırdılar və Azərbaycan xalqının faciələri o gündən başladı. Əgər Ulu Öndər  Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ümummilli Liderin titanik gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev fenomeni  Azərbaycanı bir çətir kimi hər cür təhlükələrdən qoruyurdu. “Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalıb, amma Ulu Öndər hər zaman Azərbaycanın maraqları ilə yaşayırdı, ürəyi Azərbaycanla bir döyünürdü və xalqımız üçün ağır günlərdə - 20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz o çatdırmışdır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz haqq səsini ucaltmış, sovet hökumətinin, Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirir ki,  o günü yaxşı xatırlayıram. ...Moskvada yaşayan azərbaycanlılar daimi nümayəndəliyin önünə toplaşmışdılar və Ulu Öndər  Heydər Əliyev binaya yaxınlaşanda sanki bir canlı dəhliz açılmışdı. Baxmayaraq ki, o, bütün vəzifələrdən çıxarılmışdır, ona qarşı Azərbaycanda ovaxtkı rəhbərlik tərəfindən çirkin kampaniya aparılırdı, sovet mətbuatında da çirkin kampaniya aparılırdı, ancaq Azərbaycan xalqının qəlbində o, daim böyük lider kimi yaşayırdı. Bu bəyanat böyük cəsarət, əsl vətənpərvərlik tələb edirdi.

Ulu Öndər Heydər Əliyev  1990-cı ilin iyul ayında  Moskvadan Bakıya gəldi. Ancaq ovaxtkı Azərbaycan rəhbərliyi Ümummilli Liderin güclü lider olmasından  narahatlığını Ona edilən təzyiqlərlə təsdiqlədi. Bu təzyiqlər  nəticəsində O, doğulduğu  Naxçıvana getdi və orada yaşamağa başladı.

Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik illərində deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.

Müstəqilliyin bərpasına gedən yol

Ulu Öndər Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti vardır. Təsadüfi deyildir ki, Azərbaycanın müstəqilliyin bərpasına gedən yol  məhz Naxçıvandan başlamışdır. Ümummilli Lider  Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Ulu Öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında qərar qəbul etmişdir. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra da  diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 2001-ci ildə Ümummilli Liderin Sərəncamına uyğun olaraq 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Ondan sonrakı dövrlərdə hər 5 ildən bir Dünya Azərbaycanlılarının qurultayları keçirilərək soydaşlarımızın birliyinin daha da möhkəmləndirilməsinə xidmət edən addımlar atıldı, təşəbbüslər irəli sürüldü.

Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması da Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsi ilə bağlıdır. Partiyanın yaradılması ilə ölkəmizdə müasir siyasi sistem formalaşdırıldı. 

Xilaskarlıq missiyası

Bütövlükdə Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü, həmçinin fəaliyyətinin Naxçıvan mərhələsi dahi rəhbərin xilaskarlıq missiyasının təqdimatıdır. Bütün dövrlərdə əsas məqsəd Azərbaycanın gələcək inkişafını təmin etmək idi. Zamanın hökmü ilə ötən əsrin 90-cı illərinin başlanğıcında  dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər  Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Məlumdur ki, müstəqilliyimizin bərpasının ilk illəri çağdaş tariximizə xaos, anarxiya, özbaşınalıq dövrü kimi yazılıb. Reallıq budur ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan adlı dövlətin varlığından danışmaq mümkün deyildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın qarşısında geniş imkanlar açdı. Bu qayıdış Azərbaycanın hazırkı Zəfərli günlərinin, qürurlu anlarının əsası oldu. Həmin vaxtdan başlanan inkişaf, tərəqqi yolu Azərbaycanı böyük təhlükələrdən, faciələrdən xilas etdi, yeni Azərbaycan quruldu, bugünümüz üçün möhkəm təməl formalaşdı.  Ulu Öndər hakimiyyətə qayıdışının ilk günündən sabitliyin yaradılmasının vacibliyini bildirdi və belə bir çağırışı diqqətə çatdırdı ki, sabitlik olmasa heç bir sosial-iqtisadi layihənin həyata keçirilməsindən danışmaq olmaz.  Məhz dahi şəxsiyyət Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ilin 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkədə ictimai-siyasi sabitliyin yaradılmasında əhəmiyyətli rol oynadı. Bu mühüm addım elə həmin ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanmasını da şərtləndirdi. Ümummilli Lider dünya təcrübəsinə əsaslanaraq belə bir çağırış edirdi ki,  səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir dövlət təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində, etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol  oynadı.  Ümummilli Liderin  müəllifi olduğu neft strategiyasının  əsas tərkib hissələrindən olan, çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi istiqamətində addımlar atıldı. Reallıq budur ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə hər zaman dünyanın diqqətində olub. Ölkəmizin bu resurslardan səmərəli istifadəsini təmin edən yeni neft strategiyası Ümummilli Liderin uzaqgörənliyinin təqdimatı oldu. İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev, eyni zamanda, belə bir çağırışı da səsləndirdi ki, neft  Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Onun böyük uzaqgörənliklə 1999-cu ildə yaratdığı Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu gün neft gəlirlərinin  xərclənməsində şəffaflığı yüksək səviyyədə təmin edir. Ümumilikdə Dövlət Neft Fondu beynəlxalq səviyyədə şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını şərtləndirir.

Dövlət quruculuğu

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bu gün də öz aktuallığını qoruyur. Bu məqamı da xüsusi qeyd etməliyik ki, Ümummilli Lider  iqtisadi və siyasi islahatların vəhdətinin qorunmasını qarşıya əsas hədəf kimi qoydu. Dahi rəhbərin hakimiyyətə qayıdışının ilk günündən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımlar atdı. Ümummilli Lider demokratik cəmiyətin varlığını təsdiqləyən bütün atributların bərqərar olmasına- insan hüquqlarının qorunmasına, müstəqil, azad mətbuatın formalaşdırılmasına, çoxpartiyalı sistemin yaradılmasına,  demokratik,  beynəlxalq standartlara cavab verən seçkilərin keçirilməsinə və sair kimi demokratik dəyərlərin qorunmasına xüsusi diqqət yönəltdi və ölkəmizdə demokratik təsisatların yaradılması üçün  yüksək şərait yaradıldı.

Medianın inkişafı prioritet oldu

Mətbuatı cəmiyyətin güzgüsü kimi dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin azad medianın inkişafı istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamında qeyd edildiyi kimi, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Ümummilli Lider  medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur. Onu da qeyd edək ki, Ümummilli Liderin imzaladığı Fərmanla mətbuat üzərində senzuranın ləğvi azad, müstəqil medianın inkişafının başlanğıcı oldu. 

Yaradılan möhkəm təməlin nəticəsidir ki, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.

Ulu Öndər Heydər Əliyevin  Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması oldu.  Müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan Ümummilli Lider demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratdı. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda  qəbul edilən Konstitusiyamızda əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının qorunmasını özündə ehtiva etdirib.  Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Ümummilli Lider Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.

Dahi şəxsiyyətin fəaliyyətinin əsas istiqamətlərindən biri  Azərbaycanın beynəlxalq aləmdə tanıdılması idi. O, müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən ayrı-ayrı dövlətlərlə  ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın qurulmasını, inkişaf etdirilməsini vacib amillərdən biri kimi vurğulayırdı. Ümummilli Liderin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu  möhkəmləndi, dünya birliyinin fəal üzvü kimi söz sahibliyi irəli sürdüyü təşəbbüslərdə, qəbul edilən qərarlarda öz təsdini tapdı.

Müstəqilliyin qarantı olan ordu formalaşdırıldı

Atılan bütün addımlar bir məqsədə xidmət edirdi- Azərbaycan daha da qüdrətlənsin, beynəlxalq nüfuzu, iqtisadi qüdrəti artsın, müstəqilliyimizin qarantı olan ordumuzda peşəkarlıq, döyüş ruhu yüksəlsin. Ümummilli Lider bu çağırışı edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Məhz müstəqilliyimizin bərpasının ilk illərində nizami ordunun olmamasının nəticəsi idi ki, torpaqlarımız işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.  Silahlı Qüvvələr torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət edirdi. Orduda fərarilik baş alıb gedirdi. Ümummilli Lider  Heydər Əliyevin hələ sovet dönənimdə 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olundu. Müstəqilliyin ilk illərində mövcud olan ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi.  Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.  Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində və Qarabağda həyata keçirdiyi birgünlük lokal antiterror tədbirləri zamanı  şanlı zəfərləri ilə  sübuta yetirdi.

Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, tərəqqi dövrü kimi daxil olub. Bu illərdə dahi şəxsiyyətin yaratdığı möhkəm təməl Azərbaycanın bugünkü uğurlarını təmin etdi. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi, dünyaya Günəş kimi doğdu, Ümummilli Lider 1993-cü ildə Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu çətin günləri keçib gedəcəyimizi, hər kəsin belə qüdrətli dövlətin vətəndaşı olması ilə qürur duyacağını böyük əminliklə qeyd edirdi.

Ulu Öndər dünənin, bu günün və gələcəyin partiyasını yaratdı

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Ulu Öndər Heydər Əliyev dünənin, bu günün və gələcəyin partiyasını yaratdı.  Qafqazın ən böyük siyasi partiyasının yaradıcısı məhz Ulu Öndər Heydər Əliyevdir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə yaradıldı.  Azərbaycanın taleyini düşünən, xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalı  ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək Ümummilli Lider  Heydər Əliyevə müraciət etdi. Dahi şəxsiyyətin  bu müraciətə cavabı Azərbaycanın bugünkü inkişafının əsası oldu. Məhz bu reallıqlara söykənərək Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 2021-ci ildə keçirilən Zəfər ruhlu VII Qurultayında bildirmişdir: “Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox…  O dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.” Dövlət başçısı belə bir əminliyi də ifadə etdi ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkədə gedən bütün proseslərin mərkəzində olacaq.

2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycana möhtəşəm uğurlar qazandırır

Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini sadalamaqla bitməz. Onlardan ən mühümü 2003-cü ilin 1 oktyabr tarixində xalqa tarixi müraciəti oldu. Bu müraciət Heydər Əliyev siyasətinin uğurlu davamının əsasına çevrildi. Ümummilli Lider həmin tarixi müraciətdə bildirirdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə 2003-cü ildən başlanan Böyük Yolun davamı Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Bu yolun davamı Ümummilli Liderin arzularının gerçəkliyə çevrilməsi ilə xarakterizə olunur. Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması idi. Ümummilli Lider Heydər Əliyev arzusunu belə ifadə etmişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik.”

İnam və etimad doğruldu, Ata vəsiyyəti yerinə yetirildi

Möhtəşəm uğurlarımızın miqyasını təsəvvür etmək üçün son 21 ildən artıq dövrün reallıqlarına diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın qarşısında dayanan vəzifələrdən bəhs edərkən böyük əminliklə bildirdi ki, onları həyata keçirmək üçün ən başlıcası Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bu əminlik də ifadə olundu ki, Ümummilli Liderin əsəri olan müasir müstəqil Azərbaycanı inkişaf etdirəcək, zənginləşdirəcək, zəfərlərə doğru aparacağıq. Günümüzün reallıqları bu vədlərin hər birinin  uğurla yerinə yetirildiyinin təsdiqidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Dünya hərb tarixinə yeni səhifə yazan ordumuz nəyə qadir olduğunu  bir daha nümayiş etdirdi. Dünya bir daha gördü ki,  güclü, qüdrətli ordu Azərbaycan Ordusudur. Yenilməz, məğrur, qurucu xalq Azərbaycan xalqıdır. Prezident İlham Əliyev  adını tarixə Zəfərimizin memarı kimi qızıl hərflərlə yazdırmaqla  Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi inamı və etimadı doğrultdu. Bundan keçirdiyi xoşbəxtlik hissini Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində belə ifadə etdi:  “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Uğurlarla zəngin illər

Tarixi Zəfərimizdən ötən 5 il mühüm uğurlarla zəngindir. 2023-cü il çağdaş tariximizə suverenliyimizin tam bərpası ili kimi yazıldı. Həmin ilin sentyabr ayında rəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabr Dövlət Suverenliyi Günü elan edildi.

Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməlin, gələcəyə hesablanmış inkişaf strategiyasının nəticəsidir ki, hazırda Azərbaycan hər günü tarixinə uğur səhifəsi kimi yazır. Bunun üçün son bir ilin reallıqlarına diqqət yetirmək kifayətdir.  Ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”, bu il isə “Konstitusiya və Suverenlik İli” elan edildi. Azərbaycan ötən il COP29 tədbirinə yüksək səviyyədə ev sahibliyi edib uğurlu nəticələrə imza atmaqla iqlim diplomatiyasında dönüş nöqtəsi yaratdı. Dünyanı Bakıya toplayan COP29 ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı oldu. “Mən bunu bir daha çox böyük uğur adlandırardım”  söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd edir ki, bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi: “Mənim görüşdüyüm və ölkəmizə ilk dəfə səfər edənlərin hamısı gördüklərinin onlarda dərin təəssürat yaratdığını söyləyirdilər. Çünki Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır. Beləliklə, biz müxtəlif hədəflərə çatmışıq və bu, Azərbaycanın növbəti uğurudur.”

COP29-un ardınca Azərbaycanın növbəti uğuru ötən ilin dekabr ayında  D-8 təşkilatına üzv qəbul olunması oldu. Bu mühüm hadisə də  bir daha ölkəmizin nüfuzunu dünyaya nümayiş etdirdi. Təşkilat 30 il bundan əvvəl Türkiyənin təşəbbüsü ilə  yaranmışdır. Azərbaycanın üzvlüyünə qədər səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra təşkilata üzv qəbul edilən ölkə Azərbaycan oldu. Prezident İlham Əliyevin vurğuladığı kimi, əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, Azərbaycan üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir.

Yeni hədəflərə doğru

Bu ilin əvvəli isə Azərbaycanda müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində  bələdiyyə seçkilərinin keçirilməsi ilə yadda qaldı. Ötən ilin  fevral ayında bütün ölkə ərazisində prezident, sentyabrında isə parlament seçkiləri keçirilmişdi. Hər üç seçki kampaniyası ölkəmizdə mövcud ab-havanı əks etdirir. Yeni dövrün başlanğıcı olan 7 fevral 2024-cü il prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi qalib Azərbaycanın yeni hədəflərə doğru inamla irəliləməsini şərtləndirir. Prezident İlham Əliyev 7 fevral 2024-cü il seçkilərindən sonra keçirilən  andiçmə mərasimində bildirdi ki, yeni dövr uğurla başlayıb, uğurla da davam edəcək. Tarixi ədalətə söykənərək atdığımız addımların uğurları davamlılığı ilə diqqətdədir. Ötən ilin mühüm diplomatik uğurlarından biri Qazaxın 4 kəndinin işğaldan azad edilməsi oldu. Ötən ilin  28 May Müstəqillik Günündə  Xocalı şəhəri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri  sakinlərinə qovuşdu. Soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı Böyük Qayıdış Proqramının uğurlu icrasından xəbər verir.  Növbəti qayıdış ünvanının Ağdam şəhəri olacağı bildirilir.

Bu il zəfərlərlə dolu  çağdaş tariximizə “Konstitusiya və Suverenlik ili” kimi yazılacaq. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncamda qeyd olunduğu kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın bugünkü reallıqlarına yol açdı. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayır.  Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Prezident İlham Əliyevin cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, imzaladığı bu Sərəncam, eyni zamanda, təsdiqlənən Tədbirlər Planı Azərbaycanın bu illər ərzində keçdiyi inkişaf yolunun təqdimatı olacaq.

Ulu Öndərin irsinin təbliğində Heydər Əliyev Fondunun xidmətləri misilsizdir

Təbii ki, Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Bu işlərin, ən əsası Ulu Öndərin irsinin təbliğində Heydər Əliyev Fondunun xidmətləri misilsizdir. Fondun missiyası çoxşaxəlidir. Heydər Əliyev Fondu Azərbaycanın hərtərəfli inkişafına dəstəyini reallaşdırdığı  mühüm layihələri ilə təsdiqləyir. Bu gün missiyasına sadiq qalan  Heydər Əliyev Fondu işğaldan azad edilmiş ərazilərimizdə tarixi və dini abidələrimizin bərpasını yüksək səviyyədə həyata keçirir.

Son illərin uğurları sırasında idarəçilik sistemində təkmilləşmənin həyata keçirilməsi diqqəti xüsusilə cəlb edir. Bu baxımdan dövrün çağırışlarına uyğun olaraq Azərbaycanda  vitse-prezidentlik institutunun yaradılmasını, 2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban  xanım  Əliyevanın  Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini xüsusi qeyd etməliyik. Bu mühüm addım   Azərbaycanın həyatında yeni bir mərhələnin  əsası kimi dəyərləndirildi. Bu gün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri əsasında qalib, bütövləşən Azərbaycan möhtəşəm uğurları, tarixi ədalətə söykənərək imza atdığı zəfərləri ilə dünyanın diqqətindədir.

Böyük Qayıdış, bərpa-quruculuq missiyası

Bütövlükdə son beş ilin, başqa sözlə,  tarixi Zəfərimizdən sonrakı dövrün reallıqlarına diqqət yetirsək Prezident İlham Əliyevin milli bayramlarımızda, ölkəmiz üçün əlamətdar günlərdə,  Ümummilli Lider Heydər Əliyevin doğum günündə işğaldan azad edilmiş ərazilərimizə səfər etdiyini, bu məkandan Azərbaycanın uğurlarına baxış əsasında xalqa təbriklərini çatdırdığını, eyni zamanda, həmin tarixlərin soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı ilə yaddaşlara yazıldığının da  şahidi oluruq. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ilə bağlı Qarabağın tacı Şuşadan xalqa müraciətində bu  fikri xüsusi qeyd etdi ki, mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Dövlət başçısı bu məqamı da xüsusi qeyd etdi ki,  Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik. Prezident İlham Əliyev həmin çıxışında bu çağırışı da etdi ki, Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq. Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik: “Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək.”

Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdilər və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. Prezident İlham Əliyev bu məkandan bir daha bəyan etdi ki,  biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Göründüyü kimi, Heydər Əliyev siyasətinin uğurları davamlıdır. Hər günün tariximizə uğur səhifəsi kimi yazılması uğurlarımızın miqyasının nə qədər böyük olduğunu nümayiş etdirir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Nə qədər ki müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı

Chosen
0
8
sabahinfo.az

9Sources