İran prezidenti Məsud Pezeşkiandan sonra İsrail baş naziri Benyamin Netanyahunun bu günə Bakıya səfəri gözlənilirdi. Lakin səfər son anda bu, baş tutmadı. Bəs, Netanyahu son anda Bakıya gəlməkdən niyə imtina etdi?
Bu barədə Moderator.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, İsrail tərəfi səfərin təxirə salmasını Qəzza və Suriyada baş verən proseslərlə əlaqələndirib.
Onun sözlərinə görə, bu bəyanatdan sonra İsrail Qəzzadakı hərbi əməliyyatlarını genişləndirdiyini açıqlayıb:
“Eyni zamanda, İsrail Qəzzada əməliyyatları genişlənməklə yanaşı, digər qonşu ölkələrdə, o cümlədən Yəməndə də intensiv hərbi əməliyyatlara başladı. Bu baxımdan, İsrail tərəfinin açıqlaması inandırıcı göründü. Bundan əlavə, Netanyahunun Azərbaycana səfərinin təxirə salınmasında hava məkanında yaranan çətinliklər də rol oynamış ola bilər. Türkiyənin İsrailə hava məkanını bağlaması səbəbindən Netanyahu bu marşrutdan istifadə edə bilməyib. Alternativ olaraq İran üzərindən gəlməsi mümkün idi, lakin bu marşrut həm təhlükəli, həm də qeyri-mümkün görünür – çünki İran Netanyahuya hava məkanını açmaya da bilərdi. Digər alternativ marşrutlar isə çox uzun və təhlükəli idi”.
Siyasi şərhçi qeyd edib ki, Netanyahu Bakıya gözlənilən səfəri barədə məlumatlar media vasitəsilə yayılmışdı:
“Hətta İran prezidenti Məsud Pezeşkianın səfərindən əvvəl də xəbərlər gündəmdə idi. Lakin baş verən son hadisələr fonunda səfər təxirə salındı və yuxarıda qeyd edilən amillər əsas versiyalar kimi göstərilir”.
Siyasi şərhçinin fikrincə, ola bilsin ki, Türkiyə və İran İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə o qədər də isti yanaşmırlar:
“Buna baxmayaraq, rəsmi Bakı indiki həssas dövrdə təmkinli və balanslı siyasət nümayiş etdirir və bu yanaşmanı davam etdirəcəyi gözlənilir. Azərbaycan Türkiyə ilə strateji müttəfiqdir və İranla da hazırda münasibətlər normal məcradadır. Lakin İranla münasibətlərdə zaman-zaman gərginliklər də müşahidə olunub. Məsələn, İkinci Qarabağ müharibəsi zamanı İsrailin Azərbaycana göstərdiyi dəstək İranın mövqeyindən daha qabarıq şəkildə hiss olunurdu.
Maraqlısı budur ki, Azərbaycan gələcəkdə Türkiyə, İsrail və İran arasında münasibətlərin tənzimlənməsində potensial vasitəçi rolunu oynaya bilər. Bu adıçəkilən ölkələrin hər biri üçün faydalı ola bilər”.
Mehin Mehmanqızı