EN

Bolqarıstanlı minifutbol hakimi: Bakıdakı dünya çempionatında işimi böyük qürur və məsuliyyət hissi ilə yerinə yetirəcəyəm

Bakı, 8 may, AZƏRTAC

Azərbaycan kimi gözəl ölkədə belə mühim turnirin bir parçası olmaq mənim üçün çox xoşdur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına təyinat alan bolqarıstanlı hakim Aleksander Vangelov deyib.

Feferi Azərbaycanı minifutbol üzrə ən yaxşı milli komandaya sahib ölkələrdən biri kimi qiymətləndirib: “Düşünürəm ki, minifutbolun yüksək səviyyədə inkişafına görə Azərbaycan alqışa layiqdir. Ölkənizə ilk dəfə səfər edəcəyəm və bu, məni həyəcanlandırır. Əminəm ki, mundialın təşkilatçılığı ilə bağlı hər hansı problemlə rastlaşmayacağıq. Bu təyinat karyeramda hakim kimi ən böyük nailiyyətim olacaq. Bununla ölkəmi dünya arenasında təmsil etmək üçün yaxşı fürsət qazanacağam. İşimi böyük qürur və məsuliyyət hissi ilə yerinə yetirəcəyəm”.

A.Vangelov Bolqarıstan yığmasından böyük gözləntilərinin olduğunu söyləyib: “Komanda hazırda çox yaxşı formadadır. Fikrimcə, millimizin turnirin ilk “beşliy”ində yer almaq şansı var”.

Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.

Chosen
0
azertag.az

1Sources