BAKI, TurkicWorld
Robert F. Kennedinin qətli ilə bağlı ABŞ-da daha 60 min sənəd açıqlanıb.
TurkicWorld xəbər verir ki, ABŞ Milli Kəşfiyyat direktoru Tulsi Qabbard keçmiş prezident Con Kennedinin qardaşı Robert F. Kennedinin qətli ilə bağlı əlavə 60 min sənədin ictimaiyyətə təqdim olunduğunu açıqlayıb.
Qabbard sosial şəbəkə platforması “X”-də paylaşım edərək, bu addımı “şəffaflığa və həqiqətin üzə çıxmasına doğru mühüm irəliləyiş” kimi qiymətləndirib. Onun sözlərinə görə, sözügedən sənədlər onilliklər boyunca federal arxivlərdə saxlanılıb, lakin indiyədək rəqəmsal formada ictimaiyyətə təqdim edilməyib.
“Biz FTB və Mərkəzi Kəşfiyyat İdarəsinin arxivlərində daha əvvəl Milli Arxivə təqdim olunmamış sənədləri araşdırdıq. Nəticədə 60 minə yaxın sənəd tapıldı, məxfiliyi aradan qaldırıldı və rəqəmsallaşdırılaraq ictimaiyyətə təqdim edildi”, – deyə Qabbard bildirib.
Qeyd edək ki, Robert Kennedinin qətli ilə bağlı ilk 10 min səhifəlik sənəd 18 aprel tarixində dərc olunub. Lakin amerikalı analitiklər bildiriblər ki, sənədlərdə qətli əhatəli şəkildə izah edən yeni məlumatların olması ehtimalı azdır.
Daha öncə yanvarın 23-də prezident Donald Tramp Robert və Con Kennedilərin, həmçinin Martin Lüter Kinqin qətlinə dair sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən fərman imzalamışdı.