EN

Ukrayna öz tərəfdaşları ilə onlayn formatda görüşlər keçirib

Kiyev, 8 may, AZƏRTAC

Ukrayna ABŞ, Aİ, Şimali Avropa və Baltikyanı tərəfdaşları ilə 30 günlük atəşkəslə bağlı onlayn görüşlər keçirib. Danışıqlarda ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Keyt Kelloq iştirak ediblər.

AZƏRTAC bu barədə Ukrayna Prezidenti aparatının rəhbəri Andrey Yermakın “Telegram” kanalına istinadla xəbər verir.

Danışıqlarda Uitkoff və Kelloqla yanaşı, Fransa prezidentinin diplomatik müşaviri Emmanuel Bonn, Böyük Britaniya Baş nazirinin müşaviri Conatan Pauel və Almaniya Federal kanslerinin müşaviri Günter Sautter iştirak ediblər.

Ukrayna tərəfdən görüşlərdə müdafiə naziri Rustem Umerov, xarici işlər naziri Andrey Sibiqa, Prezident aparatı rəhbərinin müavini İqor Jovkva, “Bring Kids Back” təşkilatının əməliyyat direktoru Darya Zarivna və Prezident aparatı rəhbərinin ştatdankənar müşaviri Oleksandr Bevz iştirak ediblər.

A.Yermakın sözlərinə görə, Ukrayna danışıqlar zamanı qeyd edib ki, tam və qeyd-şərtsiz atəşkəs ədalətli və davamlı sülhə doğru ilk addım olmalıdır. Eyni zamanda, Kremlin qondarma “üçgünlük barışıq” təklifi yalnız Moskvada paradın təhlükəsiz keçirilməsinə aiddir və siyasi manipulyasiyadır.

O əlavə edib: “Rusiyanın təşəbbüsdən əl çəkəcəyi və ya razılaşmaları pozacağı təqdirdə təzyiq alətlərini də müzakirə etdik. Otuz günlük atəşkəs səmimilik sınağıdır. Əgər Moskva həqiqətən sülh istəyirsə, hərəkətə keçməyin vaxtıdır. Əgər o, eskalasiyanı seçirsə, cavab ümumi və qəti olmalıdır”.

A.Yermak onu da bildirib ki, Ukrayna senator Lindsi Qremin Rusiyaya qarşı ikinci sanksiyalarla bağlı qanun layihəsini dəstəkləyir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
0
azertag.az

1Sources