EN

Muğan zonasında yağıntılar biçilmiş yonca sahələrinə ziyan vurub

Muğan zonasında son zamanlar müşahidə olunan yağıntılı hava şəraiti, xüsusilə Biləsuvar və İmişli rayonlarında kənd təsərrüfatının bir sıra sahələrinə ciddi ziyan vurub.

Bu barədə "Report"un Muğan bürosuna yerli fermerlər məlumat verib.

Onların sözlərinə görə, bir neçə gün davam edən yağışlar birinci biçini aparılan yonca sahələrinin təxminən 70 faizini məhv edib. Həmçinin sahədə qalan biçilmiş ot çürüməyə məruz qalıb və məhsul keyfiyyətini itirib.

Kənd təsərrüfatı üzrə mütəxəssis Mirsahib Zəkiyev mövzu ilə bağlı "Report"un Muğan bürosunun əməkdaşına deyib ki, hazırki hava şəraitini kənd təsərrüfatı üçün birmənalı qiymətləndirmək mümkün deyil. Yəni yağıntılar kənd təsərrüfatının müəyyən sahələri üçün faydalı olsa da, bəzi sahələrdə mənfi təsirlərə zəmin yaradır.

O bildirib ki, məsələn, belə hava şəraiti əkilən pambıq bitkisinin kök sisteminin inkişafına səbəb ola bilər, eləcə də taxıl bitkilərinin inkişafına müsbət təsir göstərir:

“Lakin bu cür hava şəraiti biçilmiş və sahədə qalan ot bitkilərinə ziyan vurur. Belə ki, yüksək nəmlik səbəbindən biçilmiş otda kiflənmə və çürümə prosesi gedir, yem keyfiyyətini itirir”.

Chosen
0
report.az

1Sources