EN

Neft gəlirləri azalır, Rusiyanın büdcə kəsiri artır

Rusiyanın federal büdcə kəsiri apreldə kəskin artaraq enerji gəlirlərinin azalması və hərbi xərclərin çoxalması ilə dövlət maliyyəsi üzərindəki təzyiqləri daha da artırıb...

Poliqon xəbər verir ki, Bloomberg-in Maliyyə Nazirliyinin məlumatlarına əsaslanan hesablamalarına görə, aylıq kəsir martdakı profisitdən sonra 1,05 trilyon rubl (13 milyard dollar) təşkil edib. 2025-ci ilin ilk dörd ayı ərzində ümumi büdcə kəsiri 3,2 trilyon rubla çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Dövlət gəlirlərinin əsas hissəsini təşkil edən neft və qaz gəlirləri apreldə ötən ilə nisbətən 12% azalıb. Bu, ardıcıl üçüncü aydır ki, azalma qeydə alınır. Enerji ehtiyatlarının ixracından gələn gəlirlər ümumi büdcənin təxminən 30%-ni təşkil etdiyindən, genişlənən kəsir neftin qiymətləri aşağı səviyyədə qaldığı təqdirdə Kremlin qarşılaşa biləcəyi büdcə problemlərini daha da qabardır - xüsusilə də Ukrayna ilə davam edən hərbi münaqişəyə rekord səviyyədə vəsait xərcləndiyi bir şəraitdə.

Yanvar-aprel aylarında neft-qaz gəlirləri illik müqayisədə 10% azalaraq 3,7 trilyon rubl olub. Eyni dövrdə xərclər 21% artaraq 15,5 trilyon rubla çatıb.

Neft-qaz sektoru xaricindəki gəlirlər bir qədər kompensasiya yaradaraq apreldə ötən ilin eyni dövrü ilə müqayisədə 23% artıb. Maliyyə Nazirliyi bildirib ki, bu gəlirlərin ilin sonuna qədər "əhəmiyyətli dərəcədə" planlaşdırılmış hədəfləri üstələyəcəyi gözlənilir və bu əlavə gəlirlər artıq büdcənin son düzəlişlərinə daxil edilib.

Buna baxmayaraq, nazirlik neft-qaz gəlirləri üçün "əhəmiyyətli risklər" mövcud olduğunu bildirib. Yenilənmiş maliyyə planına əsasən, büdcə kəsirinin ilkin proqnozlarla müqayisədə üç dəfə artacağı gözlənilir ki, bu da əsasən enerji ixracından əldə olunan gəlir proqnozunun azaldılması ilə bağlıdır.

Neft bazarında da qeyri-müəyyənlik qalmaqdadır: Brent markalı neftin qiyməti may ayında 2021-ci ilin əvvəllərindən bəri ən aşağı səviyyələrə yaxın ticarət olunur. Bu isə ABŞ prezidenti Donald Trampın başlatdığı tarif müharibəsinin qlobal iqtisadi artımı zəiflətməsi və enerji daşıyıcılarına olan tələbi azaltması ilə əlaqələndirilir.

Neft bazarındakı zəifləmə Moskvanı büdcə sisteminin dayanıqlılığı ilə bağlı narahat edir. Rəsmilər hazırda "büdcə qaydasının" dəyişdirilməsi imkanlarını nəzərdən keçirirlər. Bu qaydaya əsasən, Urals markalı neftin barreli 60 dollardan baha satıldıqda əldə olunan əlavə gəlirlər Milli Rifah Fonduna köçürülür.

Son aylarda Urals nefti bu səviyyənin altında satıldığından, hökumət mart ayında kəsirin qarşılanması üçün fondun vəsaitlərindən istifadə etməyə məcbur olub. Cari tendensiyalar davam edərsə, ehtiyatların sürətlə tükənəcəyindən ehtiyat edən hökumət, fonda vəsait köçürmələri üçün müəyyən edilmiş qiymət həddini aşağı salmağı müzakirə edir.

Əvvəlcə hökumət əlavə neft-qaz gəlirlərindən 1,8 trilyon rublun fonda yönəldilməsini planlaşdırırdı. Lakin indi 447 milyard rubl həcmində kəsir gözlənilir ki, bu da yaxın aylarda ehtiyatlardan əlavə vəsait istifadəsi ehtimalını artırır.

Poliqon.info

Chosen
0
poliqon.info

1Sources