Qələbə günü Moskvanın mərkəzinə hücum ehtimalını tamamilə istisna etmək mümkün deyil.
Herbiand.az bildirir ki, bunu Rusiya Hərbi Hava Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının zenit-raket qoşunlarının keçmiş rəisi Sergey Xatılev etiraf edib.
O, Kiyevin Qırmızı meydanda Qələbənin 80-ci ildönümünün qeyd olunmasını pozmaqla bağlı hədələməsini belə şərh edib.
Xatılev qeyd edib ki, nəzəri cəhətdən düşmən hədəfini vurmaq üçün maksimum ehtimal 98 faizə çata bilər: “Lakin, Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrdən kütləvi istifadəsini nəzərə alsaq, Rusiya hava hücumundan müdafiə sistemləri yalnız müəyyən istiqamətlərdə və konkret obyektlərdə tam mühafizəyə zəmanət verə bilər”.
O, eyni zamanda vurğulayıb ki, Qırmızı Meydan və ona bitişik ərazilər kimi əsas yerlər yüksək effektivliklə qoruna bilər.
Xatırladaq ki, 2025-ci ilin aprelində Ukrayna prezidenti Vladimir Zelenski mayın 9-da Moskvada keçirilən Qələbə paradını Ukrayna Silahlı Qüvvələrinin vura biləcəyinə eyham vurmuşdu. Daha sonra o, Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümü ilə bağlı tədbirlər üçün Moskvaya gələcək dövlət rəhbərlərinin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini bildirmişdi.
Bəxtiyar CƏFƏRLİ