EN

Konklav ilk gündə Papa seçə bilmədi: Bundan sonra nə olacaq?

Səsvermənin ilk günündə katolik kilsəsinin kardinalları yeni Papa seçə bilməyiblər. Bu, Sikstin kapellasının bacasından qara tüstünün tökülməsi ilə məlum olub...

Poliqon CNN-ə istinadən xəbər verir ki, hazırda Papa Fransiskdən sonra namizədlər arasında aşkar favorit yoxdur. Səsvermədə iştirak edən 133 kardinalın hamısı Vatikandakı Santa Marta iqamətgahına qayıdıb və burada təcrid olunmuş vəziyyətdə qalacaqlar. Onlar cümə axşamı, mayın 8-də səsvermə üçün yenidən toplanacaqlar.

"Bütün kardinallar məxfilik andı içib və konklavdan kənar ünsiyyətin, informasiya sızmasının və ya kənar müşahidənin qarşısını almaq üçün elektron cihazlarından imtina ediblər. Kardinallar və Vatikan işçiləri telefonlarını və cihazlarını yalnız konklav başa çatdıqdan sonra geri alacaqlar. Gizlilik andının pozulması kilsədən avtomatik xaric edilməsinə səbəb olur", deyə materialda qeyd edilir.

Növbəti üç gün ərzində gündə dördə qədər səsvermə keçiriləcək. İkisi səhər, ikisi günorta baş tutacaq. Beşinci gündə (bazar günü) hələ də yeni pontifik seçilməsə, kardinallara səsvermədə fasilə veriləcək və duaya vaxt ayrılacaq.

Son iki Papa XVI Benedikt və Fransisk səsvermənin ikinci günündə seçiliblər. Onların sələfi II İohann Pavel üçüncü gün təyin olunub.

Qeyd edək ki, 21 aprel 2025-ci ildə Papa Fransisk vəfat edib. 88 yaşlı pontifik öz iqamətgahında dünyasını dəyişib. Aprelin 26-da Santa Maria Maggiore Roma Bazilikasında dəfn edilib. On minlərlə insan, o cümlədən xarici liderlər pontifiklə vidalaşmağa gəlib.

İndi kardinallar dünyanın 1,4 milyard katolikinə rəhbərlik edəcək yeni Papa seçməlidirlər. Konklav mayın 7-də Vatikanda başlayıb.

Poliqon.info

Chosen
0
poliqon.info

1Sources