Eyyub Hüseynov: “Təəssüf ki, qidadan zəhərlənən vətəndaş müalicəni öz vəsaiti hesabına aparır”
Son zamanlar müxtəlif iaşə obyektlərində, şadlıq saraylarında kütləvi zəhərlənmələr, saxta içkilərin verilməsi xəbərləri ilə tez-tez rastlaşırıq. Bu yaxınlarda paytaxtın Xətai rayonunda yerləşən “Venesiya” şadlıq sarayında kütləvi zəhərlənmə hadisəsi baş verdi.
Orada keçirilən məclisdə müğənnilər də daxil olmaqla, 50-dən çox şəxs zəhərlənərək tibbi yardım aldı. Oxşar hadisə paytaxt və bölgələrdə fəaliyyət göstərən müxtəlif restoran, şadlıq evi, iaşə obyektlərində də qeydə alınıb. Ancaq iaşə obyektində baş verən zəhərlənməyə görə bu günə kimi heç bir zərərçəkənə kompensasiya ödənilməyib. Halbuki onlar həmin məkanın keyfiyyətsiz qidalarının, xidmətinin qurbanı olub.
Maraqlıdır, iaşə obyekti, restoran sahibi zərər çəkənlərə kompensasiya ödəməlidirmi?
“Normalda qidadan zəhərlənməyə görə xidmət göstərən obyekt tərəfindən vətəndaşa kompensasiya verilməlidi, ancaq...”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanda qida zəhərlənmələri ilə bağlı problemlər qanundakı boşluqlardan qaynaqlanır. Ərzaq təhlükəsizliyi ilə bağlı qanun olsa da, qida təhlükəsizliyi və keyfiyyətini tənzimləyən qanun yoxdur: “Qida zəhərlənməsinə görə heç bir ciddi iş görülmür. Normalda qidadan zəhərlənməyə görə xidmət göstərən obyekt tərəfindən vətəndaşa kompensasiya verilməlidir. Ancaq biz bunun şahidi olmuruq. Qidadan zəhərlənən vətəndaş müalicəni öz vəsaiti hesabına aparır. Bu sadəcə anormallıqdır. Hansısa iaşə obyektində zəhərlənmə qeydə alınırsa, kompensasiya məhkəmə iddiaları əsasında qarşı tərəfdən həyata keçirilməlidir. Zərərçəkənlərə kompensasiya da verilməlidir”.
Ekspert hesab edir ki, məlum məsələ ilə bağlı qanunvericiliyə dəyişiklik edilməlidir. Belə ki, toyxana və sifariş verən arasında müqavilə imzalanmalı, bütün şərtlər göstərilməlidir: “Toy etmək istəyən şəxs ilk olaraq mətbəxə baxmalı, yeməklərə, gigiyenaya baxmalıdır. Hər hansı bir hadisə baş verərsə, buna görə təzminat ödəməlidir”.
Günel CƏLİLOVA