EN

İranın sülh planı: Bakı-İrəvan dialoqunda Tehran faktoruna yer yoxdur

"Rəsmi Tehran Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh müqaviləsinə öz dəstəyini ifadə edir". Bu sözləri İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən görüşdə deyib. O vurğulayıb ki, bu amilin İran və Azərbaycan prezidentlərinin təşəbbüsü əsasında reallaşması mümkündür: "İnanıram ki, hər iki tərəfin gündəlik əlaqələrində bu məsələ öz əksini tapacaq". 


Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, mümkündür ki, Pezeşkian da Bakı səfərində bu təklifi irəli sürüb. Ekspertin qənaətincə, Tehranın vasitəçilik istəyinin iki hədəfi var: 

"Tehran Cənubi Qafqazda mövqelərini gücləndirmək istəyir. Digər oyunçular kimi İran da regionda gələcək güc balansını Bakı-İrəvan sülh sazişinin müəyyən edəcəyini anlayır və prosesdən kənarda qalmaq istəmir. İrəvanın mövqeyinə yaxın olan gündəliyini, yəni sərhədlərin dəyişməməsini, kommunikasiyanın dəhliz məntiqindən kənar açılmasını qəbul etdirmək niyyəti güdür. Lakin Tehranın Bakı və İrəvan arasında vasitəçi olması mümkün görünmür. Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən İranın neytrallığı sual altındadır. Regionun gələcəyi, o cümlədən, sülh sazişi ilə bağlı gündəliyi Azərbaycanın gündəliyi ilə kəsişir. Hazırda Bakı ilə münasibətlərin normallaşması siyasətini izləsə də, 44 günlük müharibədən sonra açıq müstəviyə keçən mövqeyi - Zəngəzur dəhlizinin “qırmızı xətti” olması, dəyişməyib. İranın sülh sazişində vasitəçilik etməsi regionda maraqları olan digər oyunçuları - Rusiya, Avropa İttifaqı və ABŞ-ni də aktivləşdirəcək və bu, Bakı-İrəvan xəttində son seçim olan “ikitərəfli format”a ziddir. Tehranda vasitəçiliyin qəbul edilməsinin çətin olduğunu anlayırlar. Hərçənd, bununla Ermənistana münasibətdə neytral olduqları mesajını verir və 2020-ci ildən sonra baş verənlərə görə Azərbaycanın mövqeyini yumşaltmağa çalışırlar".

Chosen
0
2
sherg.az

3Sources