EN

Ulu öndərə ehtiramla

“Neftçi”nin veteran futbolçuları Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət ediblər

İstər Azərbaycan KP MK-nın birinci katibi, istərsə də ölkə Prezidenti kimi respublikamıza rəhbərlik etdiyi uzun illər ərzində insan həyatının çox mühüm sahəsi – bədən tərbiyəsi və idmanın inkişafına müstəsna əhəmiyyət verən Heydər Əliyev əbədiyyətə idmanımızın ən yaxın dostu kimi qovuşub.

Ümummilli liderin gümrahlıq və sağlamlıq məşğələlərinə, yüksək nailiyyətlər idmanına böyük qayğı və diqqəti idman adamlarımızı qələbə və rekordlarla ölkənin beynəlxalq nüfuzunu daha da artırmağa səfərbər etmişdi. Azərbaycan idmanının ən yaxşı yetirmələri dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya oyunlarında, digər mötəbər yarışlarda qazandıqları uğurlarla respublikamızı qüdrətli idman ölkəsinə çevirmişlər.

Bugünlər bütün ölkəmiz kimi, bədən tərbiyəçiləri və idmançılar da Ulu öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən müxtəlif tədbirlərdə dərin minnətdarlıq hissi ilə iştirak edirlər.

Ötən əsrin 70–80-ci illərində Sovet İttifaqı çempionatlarında “Neftçi”nin şərəfini qoruyub, idman tariximizdə özlərinə layiqli yer etmiş bir qrup veteran futbolçu – İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Asif Əliyev, Asim Xudiyev və Oqtay Abdullayev mayın ilk günlərində Tbilisidə səfərdə olarkən Gürcüstan paytaxtındakı gözəl parkda Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu öndərin xatirəsini böyük hörmət və dərin ehtiramla yad etmişlər.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Chosen
0
xalqqazeti.az

1Sources