EN

Ağdam Sənaye Parkı böyüyür

Baş nazir Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdama səfər çərçivəsində rayonda yaradılan sənaye parkının fəaliyyəti ilə tanış olarkən bildirilib ki, bu müəssisə Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli sərəncamı ilə yaradılıb. Parkın prioritet fəaliyyət istiqamətlərinə tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəzin konservləşdirilməsi, ət və süd məhsulları, yem, gübrə istehsalı, o cümlədən xidmət obyektlərinin, soyuducu kameraların yaradılması və s. daxil olduğu vurğulanıb.

Qeyd edilib ki, parkın sahəsi 190 hektardır, ərazinin 70 faizdən çoxu artıq sahibkarların sərəncamına verilib. Yeni yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı qeydiyyatdan keçən müəssisələrin sayına görə, Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdə qərarlaşıb.

Hazırda burada 27 sahibkarlıq subyekti rezident, daha 5-i isə qeyri-rezident kimi qeydiyyata alınıb. Qeydə alınan 32 layihə əsasında parka 148 milyon ABŞ dollarından çox investisiya yatırılacağı və 2100-dən çox iş yerinin yaradılması nəzərdə tutulub. İnvestorlar tərəfindən artıq 66 milyon dollar sərmayə qoyulub, əsasən Ağdam və ətraf rayonların sakinləri üçün 649 daimi iş yeri yaradılıb. Parkda fəaliyyət göstərən 9 müəssisə tərəfindən indiyədək 50 milyon dollarlıq məhsul satılıb, bu ilin birinci rübdə isə 37 milyon dollara yaxın dəyərində məhsul istehsal olunub.

Ağdam Sənaye Parkında bu gün 10-dan çox yeni müəssisə tikilir, o cümlədən bir neçə yeni zavodun işə salınması planlaşdırılır. Parkda yaradılan əlverişli biznes mühiti sahibkarların əlavə texniki şərtlər əldə etmədən dövlət hesabına hazır infrastrukturdan yararlanmaqla müəyyən layihələr həyata keçirmələrinə imkan verir.

Rezidentlər 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərini ödəməkdən, habelə istehsal avadanlıqları və mexanizmləri idxal edərkən ƏDV və gömrük rüsumlarını ödəməkdən azaddırlar. Bundan başqa əlavə güzəştlər – sosial sığortaya subsidiyalar, kommunal xidmətlərə 20 faiz endirim, ƏDV-dən və bir sıra xammal və materialların idxalına görə rüsumlardan tam azad olunma (Nazirlər Kabineti tərəfindən təsdiq edilən), güzəştli bank kreditləri və s. nəzərdə tutulur.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma aiddir.

Qeyd edək ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi məqsədilə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində sənaye parkları və məhəllələri yaradılır. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir.

Xatırladaq ki, indiyədək respublikamızda 9 sənaye parkı və 4 sənaye məhəlləsi istifadəyə verilib. Eyni zamanda, sənaye zonaları üzrə bugünədək ümumi investisiya həcminin 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib.

Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən artıq daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib.

 

Chosen
0
7
xalqqazeti.az

10Sources