EN

Yaşar Seyidov: Futbolçuların əsgərlik məsələsi onun qərarından sonra həll oluna bilər

BAKI, 7 may. TELEQRAF

“Cahangir Fərəcullayevdən xahiş etdim ki, Rövşən Nəcəfə və İcraiyyə Komitəsi üzvlərinə futbolçuların əsgərlik məsələsinin həlllini tapması üçün təkliflərimizi çatdırsın. Baş katibin bu məsələlərdə bizə nə dərəcədə köməklik edəcəyini zaman göstərəcək”.

Bunu Teleqraf-a açıqlamasında II Liqada çıxış edən “Dinamo”nun İdarə Heyətinin sədri Yaşar Seyidov AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə bir neçə gün əvvəl baş tutan görüşündən danışarkən deyib.

Klub rəsmisi federasiyanın inzibati binasında müzakirə olunan mövzulardan söz açıb: “Görüş bir neçə məsələ ətrafında müzakirədən ibarət oldu ki, onlardan birincisi həqiqi hərbi xidmətlə bağldır. “Dinamo” 1997-2005-ci illərdə əsgərliklə bağlı məsələləri yüksək səviyyədə həll edib. 8 il müddətində futbolçular bizim klubda çıxış edib və eyni zamanda əsgərliklərini çəkiblər. İndiki mərhələdə isə plan belədir ki, ölkənin aparıcı klublarında və millidə çıxış edən futbolçular “Dinamo”ya gələcək, sonra isə icarə əsasında öz klublarına qayıdacaqlar. Həqiqi hərbi mükəlləfiyyətdə olduqlarından, onların öz klubları ilə bağlanmış müqavilələrinə xitam veriləcək və gəlib “Dinamo” ilə müqavilə bağlamalı olacaqlar. Ali təhsilləri varsa1 il, yoxdursa 1 il 6 ay müddətinə icarə əsasında öz klublarına gedəcəklər. Belədə, əvəzedici heyət, U-19-un üzvü və perspektivli futbolçular qalıb “Dinamo”da oynamaqla həqiqi hərbi xidmətini çəkəcəklər".

Seyidovun sözlərinə görə, söhbət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından gedir: "Hər hansı futbolçu əsgərliyə çağrılırsa, “Dinamo” AFFA-ya müraciət edir, hansı rayondan çağırış varsa, onunla əlaqədar AFFA prezidentinə müraciət edərək bildirir ki, “əsgərlik üçün Daxili İşlər Nazirliyinə müraciət etməyi sizdən xahiş edirəm”. Bizim təqdimatımız əsasında AFFA prezidenti Daxili İşlər Nazirliyinə müraciət edir ki, həmin futbolçuların əsgərlik çəkməsi və “Dinamo”ya ezam olunması üçün bizə köməklik edirlər".

Klub prezidenti bildirib ki, məsələnin həlllini tapması üçün ilk növbədə, “Dinamo”nun maddi-texniki bazası buna imkan verməlidir: "Bu məsələlər şifahi şəkildə danışılıb, amma bildirilib ki, “Dinamo” həmin futbolçuları öz klubuna apararkən, onların qidalanmaları, qalmaları və təhlükəsizlikləri ilə bağlı zəmanət olmalıdır. Yeni strategiyaya əsasən, bunu etmək mümkündür ki, ona görə də baş katib Cahangir Fərəcullayevlə görüşdük. O məsələlər AFFA prezidenti Rövşən Nəcəf və İcraiyyə Komitələrinin üzvləri qərar qəbul etdikdən sonra həll oluna bilər”.

“Dinamo” rəsmisi növbəti mövsüm AFFA tərəfəfindən II Liqa komandalarına ayrılan maddi dəstəyin artırılmasını, xüsusilə də aşağı liqa klubları arasında müvafiq yaş qruplarından ibarət tək komanda olmalarını da milli assosiasiya rəsmisi ilə müzakirəsində vurğulayıb: “Premyer Liqa klublarının aşağı yaş komandalarından ibarət kollektivlərin iştirak etdiyi Gənclər Liqası barədə də danışdıq. Hər il ona görə klublara 500 000 manat civarında yardım edilir. Bildirdim ki, “Dinamo” komandası I və II Liqada yeganə klubdur ki, Premyer Liqa təmsilçiləri kimi U-10-dan U-19-a qədər yaş qrupları var. AFFA klublara o məbləği uşaq futbolunun inkişafı üçün nəzərdə tutub. Amma bizə dəstək olmasa da, biz vicdanlı, şüurlu və sistemli şəkildə uzun illərdir bu işləri görürük. Akademiyamızın 42 yetirməsi Premyer Liqa klublarında çıxış edir və onlardan 7 nəfəri də milliyə dəvət alıb. Cahangir müəllimdən xahiş etdim ki, bu məsələdə bizə diqqət etsinlər. II Liqa komandalarına 50 000 manat dəstək verilir ki, bu da çox azdır. Birada nəzərə almaq lazımdır ki, bütün klublar regionları təmsil edir. Onlar da çox böyük çətinliklərlə üzləşirlər. Mən bu məsələdə də artımı xahiş etdim. Bir çox klubların növbəti mövsüm II Liqada çıxış etməsində çox böyük çətinlikləri var. Bu baxımdan da bizə dəstək olunmasını istədik”.

Seyidov AFFA-nın baş katibi ilə söhbətində yeni strategiyada Avropanın aparıcı klublarının heyətinə düşməsi üçün ölkəyə xarici məşqçilərin dəvət olunma məsələsini müzakirə etdiyini də vurğulayıb: “Bizimlə İspaniyanın “Atletiko Madrid” klubu arasında münasibətlər hələ də yüksək səviyyədə davam edir. Cahangir müəllimə dünya futboluna ən yaxşı futbolçuları bu klubun akademiyasının qazandırdığını qeyd etdim. Uşaqları böyük vəsaitlər hesabına ora aparmaq çətindir. Ən yaxşısı, həmin futbolçuları yetişdirən məşqçiləri Bakıya gətirmək, onların yanına da azərbaycanlı məşqçiləri cəlb etməkdir. Baxsınlar ki, Avropa səviyyəsində futbolçular necə hazır olur. Həm məşqçiləri, həm də futbolçularımızı hazırlayaq. Həm də vəsait az sərf olunsun".

Klub prezidenti daha bir xahişinin Abşeron Olimpiya Kompleksindəki şəraitlə bağlı olduğunu bildirib: "Oradakı meydançanın pis vəziyyətdə olan örtüyünün dəyişdirilməsi, AFFA tərəfindən arenanın müasir standartlara uyğun düzəldilməsini də xahiş etdim. Həmin mərkəzdə də səmərəli şəkildə xaricdən dəvət olunan mütəxəssislərin köməyi ilə Avropa klublarına düşə biləcək futbolçular hazırlaya bilərik”.

Seyidov 2025/2026 futbol mövsümündə I Liqada çıxış etmək üçün AFFA Lisenziyalaşdırma Departamentinə müraciətdən də söz açıb: “Lisenziyalaşdırma ilə bağlı bütün sənədlərimiz qaydasındadır. Mayın 8-də bununla əlaqədar Komissiyanın iclasında qərar qəbul olunacaq. Əminliklə deyə bilərəm ki, lisenziya işimiz yüksək səviyyədə həll olunaraq AFFA-nın müvafiq orqanına təqdim olunub”,

Chosen
0
teleqraf.com

1Sources