EN

Keçmişə gömülən SSRİ

Azərbaycanın dövlət başçısı yerində və çox düzgün qərar verdi. Uşakovun belə təəssüf qarışıq incik bir səslə və bulanıq batinindən zahirinə çıxan gizlin hikkəsiylə “İlham Əliyev parada gəlməyəcək” deməsi onları, xüsusilə cənab Putini deyəsən, çox təəccübləndirib.

İkinci Dünya müharibəsi haqqında oxuduqlarımız, bilmədiklərimizdən qat-qat azdır. Bu böyük müharibədə nələr olub, nələr...

Yeri gəlmişkən, onların tez-tez söylədikləri “Rus xalqının faşizm üzərindəki qələbəsi” kəlməsi çox düşük, əmək itirən, qan batıran səslənir, həmçinin keçmiş SSRİ ənənələrini davam etdirən müasir Rusiya imperiyasının hansı təfəkkürə malik olduğunu göstərir.

Hərdən kütləni sakitləşdirmək üçün danışan Putin vəcdə gəlib öz xalqından ağızdolusu söz açandan sonra, “obyektiv görünmək” üçün İkinci Dünya Müharibəsində canı-qanı bahasına vuruşan digər Sovet xalqlarını da, yada salır. Ancaq o, heç vaxt ukraynalıların, belorusların, qazaxların, qırğızların, özbək və taciklərin, həmçinin Cənubi Qafqazdakı xalqların, o cümlədən azərbaycanlıların bu müharibədə nə qədər itki verdiklərini, əsir düşdüklərinə görə, yaxud döyüşlər zamanı nə qədər insanların məhkəməsiz, məhkəmə hökmü ilə güllələndiklərini xatırlatmır.

Çünki, həmişə çörək itirən imperiyadır, həm də, Hitler Almaniyası ilə müttəfiqliyi bütün dünyaya əyan olan, artıq keçmişə gömülən SSRİ-dir bu. Varisi Rusiya isə tarixi çox tez unudub. 1941-1945 illərdə baş verənləri və Azərbaycan neftinin qoxusuna necə tamarzı qaldıqlarını, Ukraynanın, Belorusun, eləcə də Qazaxıstanın, SSRİ tərkibində olan digər respublikaların mərkəzə, Moskvaya, Rusiya şəhərlərinə, vilayətlərinə etdikləri yardımlar unudulub. Hər halda, bu gün qədirbilməz Rusiyanın davranışları belə təsəvvür yaradır.

Onlar kiminlə döyüşdüklərini, özününkülərə nə etdiklərini unudublar. Amma belə qanlı tarixi unutmaq mümkün deyil axı...

Hələ lap uzağa getsək, keçmişi açıb-töksək nələr ortalığa çıxar, İlahi! Mən, Hitlerin deyil, Stalin rejiminin, SSRİ-nin öz vətəndaşlarına nələr etdiklərini nəzərdə tuturam...

Ukraynada, Belorusda və digər vilayətlərdə, şəhərlərdə diversiyalar, terrorlar törədən, yəni faşistlərin geyimində, almanca danışan rusların xoflanması və Hitler qoşunlarına qarşı nifrət oyatmaq üçün yerli əhalini necə qırıb-çatdığını hələ demirəm. Çünki bütün bunlar artıq deyilib də, yazılıb da. Qəfildən edilmiş hücum və yer üzündən silinmiş Xatın kəndi, Ukraynanın neçə-neçə xarabazarlığa çevrilmiş şəhərləri, kəndləri, yaxud da “sus” deyə üstündən keçdikləri Stavropol döyüşü, məğlubiyyətə çox yaxın olan ruslara köməyə çatan müttəfiq rumıniyalıların 1943-cü illər ərzində gördükləri vəhşiliklər, yerli əhalinin ruslarla Alman əsgərlərini qəzəblə, həm də Stalinə nifrətlə necə müqayisə etmələri, eyni zamanda, Sovet torpağının xilası naminə bu torpaqda, SSRİ ərazisində vuruşan çexlərlə, slovaklarla, rusların arasındakı “tanımadıq” bəhanəsi ilə tütünə, spirtə, zorlanmış qadına (onsuz da, yadellilər sərxoş ruslara mane ola bilməyiblər) görə, mübahisələr, atışmalar... Görəsən, bütün bunlar kimin əsəridir?..

SSRİ yerli əhalinin demək olar ki, almanlara müqavimət göstərmədiyini görüncə, “şanlı Sovet ordusu” başladı kütləvi qırğınlara ki, faşistlərə qarşı nifrət kütləvi hal alsın və bu da, baş verdi. Partizan hərəkatı, ardınca da, dünyaya sahiblənmək iddiasında olan zalım Hitlerin əsgərlərinin amansız vəhşilikləri.

İki şərin döyüşü. Dünyanı bölə bilməyən iki vəhşi diktatorun savaşı. Ancaq bu gün, nə “dahi rəhbər” Stalin, nə SSRİ var, nə “Alman “xalqının xilaskarı” Hitler var, nə də iyrənc faşizm ideologiyası, çürük “Ari irq” yaratmaq istəyən Nasist Almaniyası tarixin zibilliyinə atılıb. Deməli, nə vaxtsa, rusların “xilaskarı” Putini, onun formalaşdırdığı Putin Rusiyasını da, bu cür tale gözləyə bilər.

1940-cı ildən 1945-ci ilədək davam etmiş bu böyük müharibə tək Rusiyanın yox, bütün bəşəriyyətin faciəsidir. Həmçinin danılmaz qələbəsidir. Bir həqiqəti də unutmaq olmaz ki, İkinci Dünya Müharibəsinin və SSRİ-nin taleyini müttəfiqlərin iştirakı, ikinci cəbhə dəyişdi. Qərb nəhayət hərəkətə keçdi və bu səbəbdən ABŞ, Avropa hərbi birləşmələrinin sayəsində SSRİ çox ağır bir məğlubiyyətdən qurtuldu.

Məhz buna görə də, Stalin ömrü boyu qorxu içində yaşadı, hətta 1950-ci ilin oktyabrında ABŞ hərbi hava qüvvələri Sovet ərazilərini bombalayanda belə, çoxlarının “şir ürəkli” sandığı Stalin öz generalllarının təkliflərinin əleyhinə çıxdı və mühafizəsini artırdı, həm də gizlincə Moskvadan uzaqlaşdı. Çünki xidmət etdiyi sistemin, ideologiyanın saxta, çürük, yalan olduğunu başa düşürdü. SSRİ əslində Stalinlə bitmişdi, onun ölümündən sonra Mixail Qorbaçova qədər SSRİ əslində imperiyası kimi ideoloji bazaya malik deyildi, sadəcə qəbul olunmuş prinsiplərlə işləyirdi.

Yalan üzərində qurulanları çökdürən də, elə yalanın özü olur.

Ruslar Stalini az qala, xilaskar kimi görürlər və onun əməllərini elə ört-basdır edirlər ki, sanki bu cəllad “yaxşı adamyeyən”, Hitler isə “pis adamyeyən” olub.

9 May əslində mahiyyətinə görə, şərin digər iblisə məğlub olduğu tarixdir, eyni zamanda Hitlerin, Stalinin qurbanlarının yad edildiyi gün kimi unudulmazdır.

Chosen
0
vaxt.az

1Sources