Polşa artıq Almaniyadan nasist işğalı zamanı vurulmuş ziyana görə kompensasiya ödənilməsini tələb etməyəcək.
“Report” xəbər verir ki, bu barədə respublikanın Baş naziri Donald Tusk Varşavada Almaniya kansleri Fridrix Merts ilə danışıqlardan sonra keçirilmiş mətbuat konfransında bildirib, konfransın yayımı onun dəftərxanasının sosial şəbəkələrdəki səhifələrində aparılıb.
“Biz artıq bunu istəməyəcəyik. Mən hər iki ölkənin birgə təhlükəsizliyinin təmin edilməsinə diqqət yetirmək istərdim. Təzminatlar üçün vaxt gələcəkmi – görəcəyik”, – Tusk söyləyib.
Xatırladaq ki, 2015-2023-cü illərdə respublikanı idarə etmiş “Hüquq və Ədalət” partiyasından olan Polşanın iqtidarı 2022-ci il sentyabrın 1-də 1939-1945-ci illərdə nasist Almaniyasının hücumu və alman işğalı nəticəsində ölkəyə dəymiş itkilərlə bağlı üç cildlik hesabat təqdim etmişdi. Yekun elan edilmiş məbləğ 6,2 trilyon zloti (təxminən 1,5 trilyon dollar) təşkil etmişdi. Daha sonra o vaxt Polşanın xarici işlər naziri olan Zbiqnev Rau Almaniyadan təzminat tələb edən nota imzalamışdı. Almaniya hökuməti dəfələrlə bəyan edib ki, Polşa 1953-cü ildə təzminatlardan rəsmən imtina etdiyi üçün heç bir ödəniş üçün heç bir səbəb görmür. Polşanın yeni rəhbərliyi qeyd olunan məbləğdə təzminat tələbindən imtina edərək, Almaniya tərəfinə dəyən zərərin ödənilməsi üçün “yaradıcı həll” tapmasını təklif edir.