EN

Azərbaycanda ipoteka: Bu, heç xəyal da deyil, özünü ələ salmaqdır – VİDEO

Bu ölkədə ali təhsil aldım, iş tapdım, vergi ödədim. Diplomum da, əmək müqaviləm də var. Amma bir dam altı qaraltmaq arzusuna düşəndə gördüm ki, ödədiyim vergi əsasında formalaşan ipoteka sistemində yoxam. Ölkədə isə mənim günümdə olan on minlərlə insan var. Azərbaycanda ev almaq arzusu artıq xəyal deyil, özünü ələ salmaqdır.
İpoteka – kağızda ölən ümidlər
Gəlin rəqəmlərə diqqət edək. 2024-cü ildə Azərbaycanda orta əməkhaqqı 950-1000 manat arasında dəyişib. Amma “güzəştli ipoteka” ilə verilən evlərin aylıq ödənişi 700-1000 manat arasındadır. Bu, rəsmi statistikaya görə, bir ailənin gəlirinin 70-80 faizinin təkcə mənzil ödənişinə getməsi deməkdir.
Digər bir fakt. İpoteka almaq istəyənlər İpoteka və Kredit Zəmanət Fonduna müraciət edir, aylarla, illərlə gözləyir. Nəticəsi nə olur?
Yenə də rəsmi statistikaya müraciət edək: 2023-cü ildə 100 mindən çox insan ipoteka üçün müraciət edib. Onlardan yalnız 2-3%-i təsdiq alıb.
NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bu rəqəm ölkədə ipoteka ilə bağlı vəziyyətin nə qədər fəlakətli olduğunu göstərir.
Güzəştli ipoteka: Adı var, özü yox
Xeyli vaxtdır ölkədə güzəştli ipoteka kreditləri üzrə vətəndaşların müraciətləri qəbul olunur. Bu ipoteka proqramı aşağıdakı sosial qruplar üçün nəzərdə tutulub:
* Dövlət qulluqçuları
* Müəllimlər və təhsil işçiləri
* Hərbi qulluqçular
* Səhiyyə və sosial müdafiə işçiləri
* FHN və DİN əməkdaşları
* Elmi-tədqiqat sahəsində çalışanlar
* 2022-ci ildən etibarən – Media Reyestrində olan jurnalistlər
Amma bu hüququn verilməsindən təxminən iki il keçməsinə baxmayaraq, güzəştli ipotekadan faydalana bilən jurnalistlərin sayı bir əl barmaqlarını keçmir. Rəqəmlər göstərilməsə də, güzəştli ipotekadan cəmi 2-3 nəfərin bəhrələnə bildiyi hər kəsə bəllidir. Onlar da hansı zülm, sənəd bolluğu və “gözlə görək” cavabları ilə üzləşib, bir Allah bilir.
Bakupost.az
İpoteka sistemində hoqqabazlıq
Rəsmən bəyan olduğunu görə, Azərbaycanda 4%-li ipoteka mövcuddur. Ancaq vətəndaşlar bundan yaralana bilirmi? Məsələ burasındadır ki, maaş nə qədər yüksək olsa da, vətəndaş evin qiymətinin ən azı 30%-ni əvvəlcədən ödəməlidir. İkincisi, qalan məbləğ üçün sənə maksimum 100 min manat kredit verilir.
Bəs, Bakıda 130 min manata ev varmı? Yoxsa Salyanda ev alıb Bakıda işləmək lazımdır?
Sualı cavablandırmaq üçün ekspert olmağa ehtiyac yoxdur: mövcud ipoteka sistemi göstəriş xarakterlidir.
İpoteka faizləri: Rəsmi rəqəmlər və real ödənişlər arasındakı fərq
Rəsmi məlumatlara görə, güzəştli ipotekanın faiz dərəcəsi – 4%-dir. Adi ipotekanın faiz dərəcəsi isə – 7-8%. Amma sən bu “möcüzəvi” kreditlərdən birinə sahib olsan belə, əlavə ödənişlərlə real faiz 9-10%-ə qalxır.
Bunun səbəbi nədir? Məsələ burasındadır ki, daşınmaz əmlakın icbari sığortasının Bakı üzrə illik qiyməti 50 AZN-dir. Həyat sığortası isə kreditin 110%-i miqdarında illik əsasda tutulur. Əlavə rüsum və xidmət haqları da aylıq ödənişi 50-100 manat artırır.
Nəticədə, bankın 4%-lə təklif etdiyi ipotekanı sən 9%-lə ödəyirsən. Və “güzəştli ipotekam var” deyə susmalı olursan.
İpoteka sistemi faktiki olaraq iflas edib
Araşdırılsa, görünər ki, dövlətin ipoteka üçün ayırdığı vəsait faktiki olaraq bank sektorundakı müəyyən qrupların nəzarətindədir. Bu vəsaitlər real ehtiyac sahiblərinə deyil, çevrəyə, qohuma, tanışa daxili tapşırıqla yönləndirilir.
İpoteka sistemindən istifadə etmək üçün bu “amillər” vacibdir:
* Tanışın olmalıdır
* Tapşırıq göndərilməlidir
* “Sistem içindəki sistem” səni tanımalıdır
Əgər bu “imtiyazlar”a sahib deyilsənsə, o zaman sadəcə, bu sistemi kənardan müşahidı edib, tamaşaya çevrilmiş mənzil siyasətinə əl çalacaqsan. Bu bir həqiqətdir ki, “ipoteka” adı ilə təqdim olunan sistem yalnız banklara və elitar qruplara xidmət edir. Bu sistem dəyişməzsə, Azərbaycanda gənc ailələrin gələcəyi qaranlıqdır. Onlar nə ev ala biləcək, nə ailə quracaq, nə də bu ölkəyə bağlı qalacaq.
Chosen
0
nocomment.az

1Sources