EN

"İnter"in rəqibi bəlli olur: PSJ, yoxsa "Arsenal"? - YENİLƏNİR

Çempionlar Liqasında nəfəslər tutulmaq üzrədi.

"Football-plus.az" xəbər verir ki, bu gün ikinci finalçı da bəlli olacaq.

...“Arsenal” tarixində ilkə imza atmağa çalışacaq
Bir həftə öncə Usman Dembelenin erkən qolu sayəsində qalib gələn PSJ final yolunda çox mühüm addım atdı. Amma bir komanda evdə uduzubsa, o demək deyil ki, mərhələni adlaya bilməyəcək. Bunu ən yaxşı elə PSJ bilir. Parislilər 1/8 finalda “Liverpul”a evdə 0:1 uduzandan sonra səfərdə eyni hesabla qalib gəlmiş və penalti seriyasında mərhələni adlamışdılar. Yəni “Arsenal”ı siyahıdan silmək çox tezdi. “Real” kimi “əjdaha”nı həm evdə, həm də səfərdə məğlub edən kollektivdən hər şey gözləmək mümkündü. PSJ cavab matçına minimal üstünlüyü qorumaq hədəfi ilə çıxsa və hücum barədə düşünməsə, bu, komandaya baha başa gələ bilər. Belə anlarda ən yaxşı taktika ilk oyunun nəticəsini unudub cavab matçına da qələbə üçün çıxmaqdı. Elə Luis Enrike də ilk matçın ardından məhz bu fikri səsləndirmişdi.

Londonda komandaya qələbə qazandıran və son vaxtlar az qala qanad açıb uçan Dembele cavab görüşünü zədə üzündən buraxmalı olacaq. Bu, PSJ üçün çox ciddi itkidi. Dembele bu təqvim ilində “böyük beşlik”də ən çox qol vuran futbolçu idi! PSJ bu mövsüm artıq iki İngiltərə təmsilçisini – “Mançester Siti” ilə “Aston Villa”nı “Park de Prens”dən evə əliboş yola salıb. Buna baxmayaraq, parislilərin evdə İngiltərə təmsilçilərinə qarşı son 11 oyunda cəmi 4 qələbəsi var (3 heç-heçə, 4 məğlubiyyət).

Bundan başqa, yarımfinal mərhələləri ilə bağlı statistika da PSJ-nin xeyrinə deyil. Bu mövsümə qədər Paris nəhəngi avrokubokların yarımfinalında keçirdiyi 7 matçın 6-da məğlub olmuşdu. Yeganə qələbə 2020-də Lissabonda “Leyptsiq”lə görüşdə qazanılmışdı (3:0). Elə ötən mövsüm də PSJ ÇL-də mübarizəni məhz yarımfinalda Dortmund “Borussiya”sı ilə dueldə (səfərdə 0:1, evdə 0:1) dayandırmalı oldu. Bu sindromun fonunda komandanın bu dəfə cavab matçında necə təsir bağışlayacağı maraq doğurur. PSJ tarixi ərzində 19 dəfə avrokubokların pley-offuna səfər qələbəsi ilə başlayıb və bunların 18-də mərhələni adlayıb.

Maraqlıdı ki, yeganə uğursuzluq məhz elə İngiltərə təmsilçisinə qarşı olub. 2018/19-da ÇL-in 1/8 finalında parislilər “Mançester Yunayted”i səfərdə 2 cavabsız qolla məğlub etsələr də, evdə 1:3 uduzaraq mübarizəni dayandırmışdılar. Həmin vaxt səfər qolu prinsipi hələ qüvvədə idi. “Arsenal”ın Liqa-1 klublarına qarşı maraqlı səfər statistikası var. London nəhəngi Fransa klublarına qarşı keçirdiyi ilk 12 səfər matçının heç birində uduzmadığı halda, son 2 səfərdən məğlub ayrılıb! “Topçular” avrokubokların pley-offunda Fransa klublarına qarşı 6 pley-offun 5-də mərhələni adlayıblar. Yeganə uğursuzluq 2014/15-də ÇL-in 1/8 finalında “Monako” ilə dueldə yaşanıb (evdə 1:3, səfərdə 2:0).

Həm “Arsenal”, həm də PSJ tarixində ikinci dəfə ÇL-in finalına çıxmaq uğrunda mübarizə aparacaq. Hər iki klubun ilk finalı uğursuz alınıb. Amma londonluların əleyhinə olan bir mühüm fakt var. Komanda indiyə qədər 5 dəfə pley-offa ev məğlubiyyəti ilə başlayıb və bunların heç birində cavab matçında geridönüş edə bilməyib!

Xatırladaq ki, finalın ilk iştirakçısı Milanda müəyyənləşib. “İnter” səfərdə heç-heçə etdiyi “Barselona”nı qəbul edib. Cavab görüşündə də 3:3 hesabı qeydə alınıb. Meydan sahibləri 90+3-cü dəqiqədə fərqlənərək, məğlubiyyətdən xilas olublar. Əlavə vaxtda daha bir qol vuran "İnter" həlledici oyuna vəsiqə qazanıb.

Çempionlar Liqası, yarımfinal, cavab oyunları
6 may
İnter – Barselona 4:3

Martines, 21. Çalhanoğlu, 45+1-p. Açerbi, 90+3. Frattezi, 99 - Qarsiya, 54. Olmo, 60. Rafinya, 88
Cəzalı: yoxdu
Hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 3:3.

7 may
PSJ – Arsenal

Cəzalı: yoxdu
Hakim: Feliks Svayer (Almaniya)
İlk oyun – 1:0.

1Sources