Manaf Manafov: "Azərbaycan–Vyetnam strateji tərəfdaşlığında yeni mərhələ"
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana planlaşdırılan dövlət səfəri ərəfəsində “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə, iki ölkə arasında münasibətlərin dərinliyini və çoxşaxəli əməkdaşlıq perspektivlərini əhatəli şəkildə ortaya qoydu. Bu müsahibə həm diplomatik münasibətlərin tarixi kontekstini təqdim etdi, həm də gələcəyə yönəlmiş strateji baxışı ehtiva edir.
Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.
Müsahibimiz onu da deyib ki, tarixi köklər üzərində qurulan dostluq münasibətlərinin ömrü uun olur. Cənab Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycanla Vyetnam arasında dostluq münasibətləri artıq 65 ildən çox tarixi bir irsə dayanır. Bu münasibətlərin əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri zamanı qoyulmuşdur. Həmçinin, 1983-cü ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Vyetnama səfəri əlaqələrin inkişafında dönüş nöqtəsi olmuşdur. Cənab Prezident müsahibəsində deyir: “Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.” Azərbaycan və Vyetnam arasında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər münasibətlərin yeni mərhələyə keçidində əhəmiyyətli rol oynamışdır. Cənab Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama etdiyi dövlət səfəri və 2015-ci ildə Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri bu baxımdan mühüm hadisələrdən biri olub. İki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələr üzrə əməkdaşlığın daha sistemli şəkildə inkişaf etdirilməsi məqsədilə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılmış və bu orqan tərəflər arasında müntəzəm dialoq və birgə təşəbbüslərin reallaşdırılması baxımından əsaslı platformaya çevrilmişdir. Bununla yanaşı, Xarici İşlər nazirlikləri xətti ilə aparılan siyasi məsləhətləşmələr, parlamentlərarası əlaqələr və beynəlxalq təşkilatlarda – xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq münasibətlərin çoxtərəfli xarakterini gücləndirir.
Cənab Prezident İlham Əliyev müsahibədə qeyd edir: “Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.” İqtisadi-ticari əməkdaşlıq və enerji sahəsində tərəfdaşlıq da uğurlu nəticələrə səbəb olur. Azərbaycan və Vyetnam arasında iqtisadi və ticarət əlaqələri dinamik şəkildə inkişaf edir. 2024-cü ilin yekunlarına görə, iki ölkə arasında əmtəə dövriyyəsi 223,93 milyon ABŞ dolları təşkil etmişdir. Bu rəqəm ikitərəfli iqtisadi əməkdaşlığın möhkəm əsaslar üzərində qurulduğunu göstərir. Ənənəvi əməkdaşlıq sahələrindən biri enerji sektorudur. 2019-cu ildə SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanan müqavilə bu istiqamətdə mühüm addım olmuşdur. Cənab Prezident İlham Əliyev neft sahəsində tarixi əməkdaşlığı belə xatırladır: “Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar.” Bu tarixi əməkdaşlığın parlaq nümunəsi olaraq, 1981-ci ildə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olmuşdur. Azərbaycan-Vyetnam münasibətlərinin bənzərsiz xüsusiyyətlərindən biri də mədəniyyət və təhsil sahələrində qarşılıqlı əlaqələrdir. Sovet dövründə Azərbaycanda təhsil alan 5 minə yaxın vyetnamlı gənc bu gün öz ölkələrində mühüm vəzifələrdə çalışır. Bu əlaqələr müasir dövrdə də yeni layihələr və təşəbbüslərlə davam etdirilir. 2023-cü ildə Hanoyda Azərbaycan bəstəkarı Qara Qarayevin “Vyetnam süitası” əsərinin premyerası, 2024-cü ildə Bakıda vyetnamlı əsgərlərin qəhrəmanlığına həsr olunmuş “Əfsanə yaradanlar” filminin nümayişi bu əməkdaşlığın simvolik ifadələrindəndir. Bundan əlavə, Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələr – xüsusilə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi – Azərbaycan humanizminin və dostluq siyasətinin bariz nümunəsidir. Cənab Prezident bu fəaliyyəti yüksək qiymətləndirərək deyir: “Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir.” Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana ilk səfəri münasibətlərin inkişafında mühüm mərhələ sayılır. Cənab Prezident bu səfəri belə qiymətləndirir: “Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir.” Səfər çərçivəsində keçiriləcək görüşlərdə siyasi dialoq, iqtisadi-ticari münasibətlər və humanitar sahələr əsas gündəm mövzuları olacaq. Eyni zamanda, partiyalararası əməkdaşlığın inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında formalaşan müsbət dinamika, səfər zamanı daha da möhkəmləndiriləcəkdir. Azərbaycan-Vyetnam münasibətləri üçün bir çox sahədə yeni imkanlar mövcuddur. Xüsusilə turizm sektorunun inkişafı, Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava nəqliyyatının yaradılması qarşılıqlı əlaqələri daha da gücləndirə bilər. Həmçinin səhiyyə, ekologiya və yaradıcılıq sənayesi sahələrində birgə təşəbbüslərin icrası mümkündür. Təhsil sahəsi də strateji əməkdaşlıq istiqamətində qalmaqdadır. Cənab Prezident qeyd edir: “Vyetnamdan tələbələrin gəlmələrinə şad olacağıq. Onlar Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər.” Bu, eyni zamanda elmi-texniki sahədə də müştərək tədqiqatlara və akademik əlaqələrin dərinləşməsinə təkan verəcək. Nəticə olaraq, Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmətə, tarixi dostluğa və ortaq maraqlara əsaslanaraq uğurla inkişaf edir. Mövcud diplomatik potensial və yeni təşəbbüslər sayəsində bu əməkdaşlıq yaxın illərdə daha yüksək səviyyəyə çatacaqdır. Cənab Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, Azərbaycan regional və beynəlxalq arenada balanslı, çoxşaxəli və dəyərə əsaslanan xarici siyasət kursunu davam etdirir-deyə M.Manafov fikrini tamamlayıb.