"Prezident İlham Əliyevin 9 mayda faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək paradda iştirak etməməsi doğru qərardır".
Bu fikirləri Newscenter.az-a AMİP liderinin köməkçisi, politoloq Əli Orucov deyib.
AMİP funksioneri bildirib ki, Moskvada keçiriləcək Qələbə paradına dünya ictimaiyyəti birmənalı yanaşmır:
"Əksər dövlətlər həmin paradı ya boykot edir, ya da iştirakdan müxtəlif bəhanələrlə yayınır. Digər tərəfdən paradın təhlükəsizliyinə zəmanət verilmir, Ukraynanın son kütləvi dron hücumları nəticəsində aeroportların fəaliyyətinin iflic vəziyyətə düşməsi Rusiyanın hava məkanının etibarlı qorunmadığını göstərdi. Ən vacibi Kremlin Azərbaycana göstərdiyi qeyri dost yanaşması, AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında vurulmasından sonra cinayətkarların cəzalandırılmaması, təzminatın ödənilməməsi münasibətlərin zədələnməsinə gətirib çıxardı".
Əli Orucov qeyd edib ki, Rusiyanın son dövrlər Koçaryan kimi qatillərə və revanşistlərə dəstək verməsi, Milli Məclisin deputatı Azər Badamovun heç bir əsas olmadan deportasiya edilməsi, son dövrlər cəmiyyətdə də haqlı etirazlar doğurdu:
"Rusiyada sanki hansısa dairələr hər vəchlə çalışır ki, Azərbaycanla Rusiya arasında münasibətləri gərginləşdirsinlər. Təəssüf ki, həmin dairələr məqsədlərinə müəyyən qədər nail ola biliblər. Belə bir atmosfer də prezident İ.Əliyevin Qırmızı Meydanda keçiriləcək Qələbə paradında iştirak etməmək barədə qərar verməsi ilə nəticələndi. Bunu həm də Moskvanın hərəkət və davranışlarına qarşı de-marş kimi də yozmaq mümkündür".
Süleyman