Qarabağ Universitetində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev irsi: Azərbaycan konstitusiyası və suverenliyimizin bərpası" mövzusunda elmi-praktiki konfrans keçirilib.
BAKU.WS xəbər verir ki, konfransda Prezident Kitabxanasının və Qarabağ Universitetinin rəhbər heyəti və əməkdaşları, tələbələr və media nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar. Konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın suverenliyinin tam bərpa olunmasından sonra Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinin qarşısında duran əsas hədəflərdən söz açıb. Rektor bildirib ki, Qarabağ Universiteti təkcə ali təhsil müəssisəsi kimi deyil, eyni zamanda bölgənin elmi və intellektual mərkəzinə çevrilmə istiqamətində də mühüm addımlar atmaqdadır. Ş.Bayramov çıxışında xüsusi olaraq vurğulayıb ki, universitetin fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin irsi, dövlətçilik prinsipləri və milli suverenlik ideyalarının təbliği əsas istiqamətlərdən birini təşkil edir.
Şahin Bayramov "Konstitusiya və suverenlik ili" çərçivəsində keçirilən konfransı Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğ edilməsi baxımdan yüksək qiymətləndirərək Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanın vətəndaşı olmağın qürurdan bəhs edib.
Prezident Kitabxanasının direktoru Afət Abbasova çıxışında Qarabağ Universitetinin yaradılmasını tarixi zərurət kimi qiymətləndirib və bu ali təhsil müəssisəsinin Azərbaycanın elmi, mədəni və strateji hədəflərinə xidmət edəcək mühüm bir platforma olduğunu diqqətə çatdırıb. A.Abbasova həmçinin kitabxana-resurs bazalarının inkişafı, akademik nəşrlərlə əməkdaşlıq və tarixi irsin öyrənilməsi sahəsində Prezident Kitabxanasının Qarabağ Universiteti ilə gələcək əməkdaşlığa hazır olduğunu bildirib.