EN

“Qəbələ” rəsmisi: “Narahatlıq var idi ki, birdən ümidləri doğrulda bilmərik”

“Qəbələ” yeni mövsümdə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq. Bölgə təmsilçisi I Liqada çempionluğunu rəsmiləşdirib və elitada iştirak hüququ qazanıb.

Klubun idman direktoru Səbuhi Səfiyarlı “Futbolpress.az”a açıqlamasında çempionluq yolunu şərh etdi:

“Çempionluq yolu kənardan asan göründü, ancaq komanda, klub üçün rahat keçmədi. Hamı bizi favorit görsə də, heyətimizin əsası I Liqada oynamış oyunçulardan təşkil olunmuşdu. Böyük əksəriyyət akademiyanın gənc oyunçuları idi. Mövsümə yaxşı başlaya bilmədik. İlk oyunda heç-heçə etdik. Yoxlama matçlarında qələbələr qazandığımıza görə bizi favorit göstərirdilər, amma rəsmi matçlarda çətinlik olurdu. Çempionluğu asan və ya çətin yox, gərgin adlandırardım. Bir az narahatlıq var idi ki, birdən nəticə qazana bilmərik, ümidləri doğrulda bilmərik. Çünki futboldur və hər şey mümkündür. Vacib oyunçular zədələnə, hansısa matçda kimsə qırmızı ala bilərdi. Buna görə narahatlığımız var idi. Çempionluğu elan edənə qədər elə matç olmadı ki, rahat olaq. Bütün oyunlarda rəqiblər bizə qarşı əzmlə mübarizə aparırdılar. Buna görə çempionluq yolunun asan keçdiyini deyə bilmərəm”.

Mütəxəssis klubun yeni mövsümə hazırlıq planlarına toxundu:

“Hazırlığın ilk mərhələsini Qəbələdə keçirəcəyik. İkinci mərhələ isə yoxlama oyunlarından asılı olacaq. Rəqibləri Azərbaycanda tapa bilsək, burda qala bilərik. Burda alınmazsa, onda xarici ölkələrdən birinə təlim-məşq toplanışına gedə bilərik. Qəbələdə məskunlaşma ilə bağlı tam qərar verilməyib. Ondan əvvəl veriləcək qərarlar var – komandanı formalaşdırmaq, transferlər. Daha yaxşı şərait olduğu üçün ilk seçim Qəbələdir”.

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti ləğv olunacaq. Səfiyarlı buna baxmayaraq, strategiyalarına sadiq qalacaqlarını və yerli oyunçulara şans verməkdə davam edəcəklərini qeyd etdi:

“Qəbələ”nin öz strategiyası var. Burda yerli oyunçulara mütləq yer ayrılır. Eyni strategiya ilə davam edəcəyik. I Liqada bəzi gəncləri yoxladıq və özlərini göstərdilər. Onlar Premyer Liqada oynamaq haqqını qazanıblar. Eyni zamanda akademiyanın da yetirmələri kifayət qədər şans qazanacaq.

Funksioner sonda Premyer Liqada komanda sayının artımı və limitin ləğvi haqda fikirlərini bölüşdü:

“Sayın artımı, legioner limitinin dəyişməsinin standart düsturu yoxdur ki, belə olsa, inkişaf olacaq, belə olsa olmayacaq. Komanda sayının artmasının üstünlüyü var ki, coğrafiya genişlənir. Ancaq yeni klubların gəlməsi maliyyəni azaltdı. Klublara 500 min pul ayrılacaq. Artıq bu məbləğlə komanda saxlamaq çətin olacaq. Eyni zamanda bəzi klublar üçün sponsor tapmaq da çətindir. Məblğin azlığına görə işin keyfiyyətinin aşağı düşmək ehtimalı var. Eyni məsələ legioner limitinə də aiddir. Demək olar, hər cür limit tətbiq edilib. Futbolun inkişafı limitə görə olmur. Başqa meyarlar var ki, onlar daha vacibdir, nəinki limit”.

Şahin Cəfərov

Chosen
0
futbolpress.az

1Sources