Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan Dillər Universiteti (ADU) ilə Ankara Universiteti TÖMER arasında akademik əməkdaşlıq sahəsində müqavilə imzalanıb və ADU-da TÖMER-in açılışı olub. Açılış mərasimi ADU-nun keçirdiyi “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda VIII beynəlxalq konfrans çərçivəsində baş tutub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, mərasimdə hər iki universitetin rəhbər şəxsləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Tədbiri açan Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Azərbaycan Dillər Universiteti və Ankara Universiteti TÖMER arasında akademik əməkdaşlıq müqaviləsinin imzalanması bu münasibətlərə yeni töhfə verəcək: “Bu gündən etibarən Azərbaycan Dillər Universitetində Ankara Universiteti TÖMER fəaliyyət göstərəcək. Bu, türk dilini peşəkar və təcrübəli müəllim heyəti tərəfindən mükəmməl şəkildə öyrənmək, rəsmi TÖMER sertifikatı əldə etmək istəyənlər üçün möhtəşəm fürsətdir. Çox istərdik ki, bu müqavilə işləsin və biz bir-birimizi, bütün Türk dünyasını daha yaxından tanıyaq”.
Ankara Universitetinin rektoru Necdet Ünüvar iki universitet arasında imzalanacaq müqaviləni Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirib: “Bu müqavilənin imzalanma mərasiminin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq elmi konfransa təsadüf etməsindən son dərəcə qürur duyuram. TÖMER-in bünövrəsinin məhz belə əlamətdar gündə qoyulması bizi çox sevindirir”.
Ulu Öndər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşən rektor Azərbaycan Dillər Universitetində keçirilən beynəlxalq elmi konfransın çox yüksək dərəcədə təşkil olunduğunu bildirib. Qeyd olunub ki, Ankara Universiteti TÖMER Bakı ofisinin Azərbaycan Dillər Universitetində fəaliyyət göstərməsi xalqlarımız arasında dostluq münasibətlərini daha da möhkəmləndirəcək. Bu, həm də gələcək elmi əməkdaşlıq, mübadilə proqramlarının həyata keçirilməsi, yeni elmi perspektivlərin açılmasına dəstək olacaq.
Türkiyə Respublikasının ölkəmizdəki səfiri Birol Akgün Azərbaycan Dillər Universiteti və Ankara Universiteti TÖMER arasında akademik əməkdaşlıq sahəsində müqavilənin əhəmiyyətini vurğulayıb.
İki qardaş ölkə arasında olan əlaqələrin inkişafından danışan səfir Ankara Universiteti TÖMER-in Bakı ofisinin fəaliyyətinə uğurlar diləyib, bu layihənin təkcə Azərbaycan-Türkiyə əlaqələrinin deyil, ümumilikdə Türk dünyası birliyinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra Ankara Universiteti TÖMER-in Azərbaycan Dillər Universitetində fəaliyyət göstərəcək Bakı ofisinin açılış mərasimi keçirilib, qonaqlar burada yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, Ankara Universiteti TÖMER türk dili öyrənmək və rəsmi TÖMER sertifikatı əldə etmək istəyənlər üçün böyük fürsətdir.1984-cü ildən bəri dil tədrisi sahəsində aparıcı qurum kimi tanınan və beynəlxalq akkreditasiyaya malik olan Ankara Universiteti TÖMER türk dilinin xarici dil kimi tədrisində elmi və akademik yanaşmalar tətbiq edən nüfuzlu bir təhsil mərkəzidir.