Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Yuxarı Əndəmic kəndində səyyar qəbul keçirib. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Qəbul Yuxarı Əndəmic kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin inzibati binasında baş tutub. Ordubad Rayon İcra hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlardan, artan nüfuzundan, 44 günlük Vətən müharibəsində və sonrakı Antiterror əməliyyatları zamanı əldə olunan qələbələrin Azərbaycanın hərbi-siyasi mövqeyinin möhkəmlənməsindəki rolundan bəhs edib. Bildirib ki, bu uğurlar dünya ictimaiyyətində Azərbaycana olan etimadı daha da artırıb. İcra başçısı, həmçinin ölkədə həyata keçirilən idarəetmə islahatları çərçivəsində yaradılan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəliyi institutunun fəaliyyətinin müasir dövlət idarəçiliyinin təkmilləşdirilməsi və şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
“2023–2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan danışan icra başçısı proqramın həyata keçirilməsinin muxtar respublikada, o cümlədən Ordubad rayonunda sosial-iqtisadi həyatın canlanmasına ciddi töhfə verdiyini bildirib. Proqram çərçivəsində mədən sənayesinin dirçəldilməsi, yol infrastrukturu və su təsərrüfatının yenidən qurulması, eləcə də digər sahələr üzrə genişmiqyaslı layihələrin icrasının planlaşdırıldığı diqqətə çatdırılıb. Həmçinin yaxın gələcəkdə xalçaçılıq, ipəkçilik və konserv məhsullarının istehsalı üzrə yeni müəssisələrin yaradılmasının nəzərdə tutulduğu qeyd olunub.
Görüşdə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında Prezident İlham Əliyevin 21 fevral 2024-cü il tarixli Sərəncamının əhəmiyyyəti bir daha vurğulanaraq bu qərarın ölkə rəhbərliyi tərəfindən Ordubad rayonuna göstərilən daimi diqqət və qayğının bariz nümunəsi olduğu bildirilib. Yaxın perspektivdə Ordubadın qədim sənətkarlıq ənənələrinin dirçəldilməsi və tarixi simasının bərpası məqsədilə “Sərşəhər” məscidi, “Mədrəsə” binası və “Ərbabın evi” kimi tarixi abidələrin bərpasının həyata keçiriləcəyi, bu layihələrin şəhərin yeni baş planına uyğun şəkildə icra olunacağı diqqətə çatdırılıb.
İcra başçısı Zəngəzur dəhlizi layihəsinin regional və qlobal əhəmiyyətindən də söz açıb. O bildirib ki, bu dəhliz Ordubad rayonunun sosial-iqtisadi inkişafına güclü təkan verəcək. Qeyd olunub ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi mənzərəsini dəyişdirəcək strateji əhəmiyyətli layihədir. Bu dəhliz Azərbaycanın tarixi torpaqlarına qovuşmasını təmin etməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir halqasına çevriləcək.
Daha sonra kənd sakinlərinin müraciətləri dinlənilib, onların arzu və təklifləri müzakirə olunub. Elektrik təchizatı, yol infrastrukturu, mərasim evinin tikintisi, su kanalının bərpası və digər məsələlərlə bağlı səsləndirilən problemlər məsul şəxslərin iştirakı ilə yerində araşdırılıb, həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib. Vaxt tələb edən məsələlər nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Sakinlər vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan əlverişli şəraitə görə razılıqlarını bildirərək, ölkə rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.








