EN

10 may - Azərbaycan xalqının milli yaddaşına həkk olunmuş əziz gün

 

Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş şəxsiyyətlərdən biri və müasir dövlətçiliyimizin memarı olan Ulu Öndər Heydər Əliyev 1923-cü ilin 10 may tarixində Naxçıvan şəhərində anadan olmuşdur. Bu gün ölkəmizdə onun doğum günü böyük ehtiramla qeyd olunur. Heydər Əliyevin həyat və fəaliyyəti bütöv bir dövrü, bir məktəbi təmsil edir. Onun adı bu gün müasir, müstəqil və güclü Azərbaycanın adı ilə birgə çəkilir.

Heydər Əliyevin siyasi fəaliyyətinə nəzər saldıqda görürük ki, o, hələ sovet dövründə də milli maraqları qətiyyətlə müdafiə edən, daim Azərbaycanı irəli aparmağa çalışan lider olmuşdur. O, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikada iqtisadi, elmi, təhsil və mədəni sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir.

Ümummilli Liderin ən böyük xidmətləri müstəqil Azərbaycanın qurulması və qorunması sahəsində olmuşdur. 1990-cı illərin əvvəllərində ölkənin içində olduğu ağır siyasi və iqtisadi böhran, vətəndaş qarşıdurması, xarici təhlükələr fonunda xalqın tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmişdir.

Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən neft strategiyası, qəbul edilən Konstitusiya, beynəlxalq layihələrə qoşulmaq, ordu quruculuğu, dil və mədəniyyət siyasəti Azərbaycanı müstəqil və güclü dövlətə çevirdi. Onun rəhbərliyi ilə Azərbaycan dünyada tanınan və regional proseslərdə söz sahibi olan ölkələrdən biri kimi tanındı.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkədə siyasi böhran zamanı xalqın tələbi ilə hakimiyyətə qayıtmış və Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Müstəqil Azərbaycanın daxili sabitliyinin və dövlətçiliyinin qorunub saxlanmasında Ümummilli Liderin misilsiz xidmətləri olmuşdur. Onun ən uğurlu və əsas addımlarından biri 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasını qəbul etməsidir. Ulu Öndər hakimiyyəti dövründə həmçinin, ordu quruculuğu, iqtisadi islahatlar və xarici siyasətin balanslaşdırılması sahələrində əsaslı dəyişikliklər etmişdir.

Heydər Əliyev dünyada neft strategiyasının müəllifi kimi tanınır. Hələ 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasını sürətləndirmişdir. 20 sentyabr 1994-cü ildə Bakıdakı “Gülüstan” sarayında dünyanın 11 neft şirkəti ilə imzalanmış bu müqavilə Azərbaycanın Xəzər dənizindəki “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsini nəzərdə tuturdu. Bu müqavilə ilə ölkə iqtisadiyyatı xarici sərmayələr üçün açılmış oldu və neft gəlirləri ölkənin infrastrukturuna, sosial sahələrə və iqtisadi inkişafına yönəldilməyə başladı.

Eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin əsası da Heydər Əliyevin  dövründə qoyulmuşdur. Bu kəmər Azərbaycanın neftini dünya bazarına çıxarmaq üçün əsas marşrut idi. Bundan başqa Ümummilli Lider neft gəlirlərinin şəffaf və məqsədli istifadəsini təmin etmək üçün Azərbaycan Neft Fondunun yaradılması təşəbbüsünü vermişdir.

Heydər Əliyev təhsili millətin gələcəyi kimi qiymətləndirirdi. Hələ Sovet hakimiyyətinin dövründə o, Azərbaycandan minlərlə gəncin SSRİ-nin qabaqcıl ali məktəblərinə, xüsusən Moskva və Leninqrada şəhərlərində oxumağa göndərilməsinə şərait yaratmışdır. Bundan sonra öz ölkəmizdə. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti kimi təhsil ocaqlarının inkişafına dəstək vermişdir.

Heydər Əliyev Azərbaycanın beynəlxalq aləmdə tanınması və mövqeyinin möhkəmləndirilməsi üçün balanslaşdırılmış və çoxvektorlu xarici siyasət yürütmüşdür. Belə ki, o, Qərb, Rusiya, Türkiyə, İran və digər region gücləri ilə münasibətləri balanslı şəkildə qurmuşdur. Azərbaycan 1992-ci ildə BMT-yə üzv olsa da, Heydər Əliyevin dövründə bu əlaqələr daha da gücləndirildi. Eləcə də ölkəmiz Heydər Əliyevin sayəsində ATƏT, İslam Konfransı Təşkilatı, GUAM və s. təşkilatlarda fəal iştirak etməyə başlamışdır.

Bütün bunlarla yanaşı, Ulu Öndər Qarabağ münaqişəsinin də sülh yolu ilə həllinə çalışmışdır, atəşkəs rejimi məhz onun dövründə (1994-cü ildə) imzalanmışdır.

10 may – bu dahi insanın doğum günü təkcə təqvimdə bir tarix deyil, Azərbaycan xalqının milli yaddaşına həkk olunmuş əziz gündür. Hər il bu tarixdə ölkəmizin müxtəlif bölgələrində tədbirlər keçirilir, gənc nəsil onun həyat və fəaliyyəti ilə daha yaxından tanış olur. Çünki bu böyük şəxsiyyətin öyrədiləcək çox dərsi, nümunəvi həyatı və sonsuz vətən sevgisi var.

10 may tariximizə eyni zamanda müasir Azərbaycanın təməl prinsiplərinin qoyulduğu, dövlətçilik ideyalarının möhkəmləndiyi bir gün kimi yazılmışdır. Heydər Əliyev bütün həyatı boyu xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, hər zaman Azərbaycançılıq ideyasını əsas prinsip kimi önə çəkmişdir. Onun zəngin siyasi fəaliyyəti, uzaqgörənliyi, milli maraqlara əsaslanan qərarları bu gün müstəqil, güclü və inkişaf edən Azərbaycanın möhkəm bünövrəsini təşkil edir. Heydər Əliyev əbəs yerə deməmişdir ki, "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycan xalqına həsr olunub”. O, yalnız siyasi lider deyil, həm də xalqın yaddaşında müdrik bir rəhbər, böyük insan və əsl vətənpərvər kimi yaşayır.

 

Ulu Öndərin siyasi kursu bu gün də onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bugünkü inkişafı, beynəlxalq uğurları, ərazi bütövlüyünün bərpası məhz Heydər Əliyev ideyalarının parlaq nəticələridir. Ümummilli Liderin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev Ulu Öndərin siyasi baxışlarını yüksək səviyyədə həyata keçirərək bu gün Azərbaycanı regionda və dünyada nüfuzlu bir dövlətə çevirmişdir.

Tarix davam etdikcə, Azərbaycan xalqı yaşadıqca Ulu Öndərin əziz xatirəsi xalqın qəlbində daim yaşayacaqdır. Bu gün hər kəs kimi mən də böyük şəxsiyyət Heydər Əliyevi ehtiramla anaraq onun ideyalarına sadiq qalmağı, dövlətimizi, dilimizi, mədəniyyətimizi daim uca tutmağı özümə borc bilirəm.

 

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva

 

Chosen
0
50
ikisahil.az

10Sources