EN

Paytaxtın abad məhəllələrində təşkil edilən voleybol yarışları başa çatıb

Bakı, 7 may, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş Bakı şəhər rayonlarının məhəllələrarası voleybol turnirinə yekun vurulub.

İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən, rayon və şəhər mərhələlərindən ibarət voleybol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin təşviqi və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış abad məhəllələrdəki stadionlarda təşkil olunan yarışlar olimpia sistemi üzrə keçirilib. Yarışlarda ümumilikdə 1200-ə yaxın gənc idmançının yer aldığı 120 komanda iştirak edib.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil olunan turnirə mayın 6-da final oyunu ilə yekun vurulub. Həlledici qarşılaşmada Xəzər rayonunun voleybolçuları Nəsimi rayonunun komandası ilə görüşüblər. 2 : 0 hesabı ilə nəticələnən mərhələnin qalibi Xəzər rayonunun komandası olub. 3-cü yeri isə Sabunçu rayonunun komandası tutub.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Chosen
0
6
azertag.az

7Sources