EN

AİB su ehtiyatlarının səmərəli idarə edilməsi üçün peyk texnologiyalarından istifadədə Azərbaycana dəstək göstərəcək

Asiya İnkişaf Bankı (AİB) su ehtiyatlarının daha səmərəli idarə edilməsi üçün peyk texnologiyalarından istifadədə Azərbaycana dəstək göstərəcək.

Day.Az xəbər verir ki, bunu Trend-ə Asiya İnkişaf Bankının Mərkəzi Asiyada kənd təsərrüfatı, ərzaq, təbii resurslar və aqrar inkişaf üzrə departamentinin direktoru Yasmin Siddiqi AİB 58-ci illik iclası çərçivəsində keçirilən brifinqdə Trendin Milana ezam olunmuş xüsusi müxbirinin verdiyu suala cavabında deyib.

"Əslində, ötən il COP29 çərçivəsində 'Buzlaqlardan fermalara kimi' təşəbbüsü işə salınıb. Biz Kür çayı hövzəsində - bu çay Azərbaycan ərazisindən də keçir - buzlaqlarla bağlı risklərin təhlilini aparmışıq. Buzlaqları, qar örtüyünü və iqlim dəyişikliyinin onların əriməsinə təsirini, eləcə də bunun ölkənin su ehtiyatlarına necə təsir göstərə biləcəyini araşdırdıq. Bu iş bu yaxınlarda bizim qlasioloqlar tərəfindən başa çatdırılıb", - deyə Siddiqi bildirib.

Siddiqi "Buzlaqlardan fermalara kimi" təşəbbüsünün Yaşıl iqlim fondu ilə tərəfdaşlıq çərçivəsində həyata keçiriliyini xatırladıb.

"Bu, Mərkəzi Asiya və Qafqaz regionlarında ilk regional təşəbbüsdür və bu səbəbdən bizim üçün xüsusi önəm daşıyır. AİB-in Azərbaycanla uzunmüddətli əməkdaşlıq tarixi var. İndiyədək bizim dəstəyimiz infrastruktur layihələrindən tutmuş siyasət və büdcə dəstəyinə qədər geniş sahələri əhatə edib. Biz sevinirik ki, bu təşəbbüs hökumətlə birlikdə su ehtiyatlarının idarə olunması, suvarma və çay hövzələrinin idarə olunması sahəsində ilk birgə təşəbbüs olacaq", - deyə o əlavə edib.

Siddiqi cari ilin yanvar ayında Azərbaycana səfər etdiyini və Dövlət Su Ehtiyatları Agentliyinin rəsmiləri ilə görüşlər keçirdiyini xatırladıb. Həmin görüşlərin gedişində hökumətin, Yaşıl İqlim Fondu və AİB dəstəyi ilə həyata keçirə biləcəyi potensial layihələr müzakirə olunub.

"Məsələn, hökumət AİB-in fermer təsərrüfatlarında suvarma səmərəliliyinin artırılması istiqamətində dəstək verməsində maraqlıdır. Azərbaycanda fermerlər kiçik torpaq sahələrində işləyirlər və hökumət bu sahələrin konsolidasiyasına yardım göstərilməsi məsələsinə baxmağımızı xahiş edib. Bu, məhsuldarlığın və effektivliyin artmasına kömək edəcək. Bizdən həmçinin suyun birbaşa bitki köklərinə çatdırılmasına imkan verən daha səmərəli suvarma sistemləri kimi müasir texnologiyaların tətbiqi istənilib.

Hökumət AİB-in bu cür texnoloji həlləri təqdim etməsində və çay hövzələrinin idarə olunması sahəsində strategiya və siyasətin hazırlanmasına dəstək göstərməsində maraqlıdır. Bu gün peyk məlumatları və məsafədən müşahidə texnologiyaları vasitəsilə yerində ölçmə aparmadan monitorinq mümkün olur. Biz bu imkanlardan istifadə edə və hökumətə bu cür məlumatlar təqdim edə bilərik," - deyə Siddiqi yekunlaşdırıb.

Chosen
0
1
day.az

2Sources