EN

Kiyev Moskvada 9 May paradını bir şans kimi dəyərləndirir - AÇIQLAMA

“Moskvada indiki halda 9 May paradının keçirilməsi çox risklidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Ekspert vurğulayıb ki, Rusiya parada hazırlıq və ağır texnikaları cəbhə xəttindən paytaxta gətirməklə həqiqətən Ukraynaya şans verir:

"Ukrayna bu fürsətdən istifadə edərək Rusiyanın nüfuzunu tamamilə aşağı sala bilər. Parad zamanı baş verə biləcək istənilən hücum aktı, təxribat hərəkəti Rusiyanın nüfuzuna ciddi zərbə olacaq”.

Samir Hümbətov: Ukrayna 9 May paradına təhlükə törətməyə hazırlaşır

Müsahibimiz bildirib ki, düzdür, Rusiyanın havadan müdafiə sistemləri (HHM) hücumların qarşısını ala bilər. Amma Ukrayna tərəfi kamikadze dronlardan istifadə edərsə, bu tip hücumların qarşısını almaq mümkün olmaya bilər:

“Rusiya nə qədər təhlükəsizlik tədbirləri görsə də, Ukraynanın Moskvadakı paradı hədəf almaq şansı kifayət qədərdir. Onu da nəzərə alaq ki, hazırda Rusiyanın əlində müasir silah-sursat daha çoxdur, nəinki Ukraynanın. Bu baxımdan rəsmi Kiyev paradı bir şans kimi dəyərləndirir. Rusiya da məhz buna görə narahatdır. Çünki ciddi təhlükə ola biləcəyinin fərqindədir. Yəni belə demək mümkündürsə, hazırda Rusiya paradın təhlükəsiz keçməsinə hazırlıq görür, Ukrayna isə təhlükə törətməyə hazırlaşır".

Qeyd edək ki, yayılan məlumatlara görə, ruslar 9 May paradının təhlükəsizliyini təmin etmək üçün 280 ədəd HHM sistemini Moskva ətrafına toplayır. Bu texnika xüsusilə Kazan və Qroznıdan gətirilir. Moskvanın hava hücumundan müdafiəsi üçün dördqat sistem yaradılır.

Ukraynalı hərbi ekspert Pavel Narojnı deyib ki, rusiyalıların hava hücumundan müdafiə vasitələri kifayət etmir:

“9 May paradının təhlükəsizliyi üçün HHM sistemlərinin Moskvaya gətirilməsi onu göstərir ki, onlar hansısa vacib hərbi obyektin yaxınlığında döyüş növbətçiliyindən çıxarılır”.

O bildirib ki, Ukrayna bu vəziyyətdən yararlanmalıdır:

"Bu, Ukrayna üçün çox əlverişli vəziyyətdir ki, düşmənin sırf hərbi hədəflərinə zərbə endirsin. Çünki həmin obyektlər hava hücumundan müdafiə sistemlərinin Moskvaya köçürülməsi səbəbindən müdafiəsiz qalacaq".

Aydın Baxış

Chosen
0
12
bakivaxti.az

10Sources