EN

Pakistandan uğurlu həmlələr: Hindistanı məğlub etdik

“Hindistanı təkcə döyüş meydanında yox, həm də diplomatik cəbhədə məğlub etdik”.
Teleqraf xəbər verir ki, bunu pakistanlı analitik Məzhar Abbas Hindistanın ölkəsinə qarşı son hərbi addımlarını şərh edərkən deyib.

“7 may Pakistan üçün ümidverici gündür, çünki Hindistanı təkcə döyüş meydanında yox, həm də diplomatik cəbhədə məğlub etdik. Hindistan film çəkdi, biz treyler. Əgər müharibə ilə irəliləmək istəyirlərsə, biz hazırıq”, - ekspert bildirib.

Keçən ay baş verən Pahalqam (Kəşmir) hücumuna toxunan Abbas Hindistanın Pakistanın bu hücumda iştirakı ilə bağlı hələ də sübut təqdim etmədiyini söyləyib:

“Bunu sübut etmədən başqa bir macəraya getməyə çalışdılar. Pakistan onları üç cəbhədə məğlub etdi: müharibə, media və diplomatiya. Bu koordinasiyalı səylə irəliləməyə davam etsək, uğur qazanacağıq”.

“Associated Press”ə danışan amerikalı analitik Maykl Kuqelmanın sözlərinə görə, Hindistanın Pakistana son zərbələri 2019-cu ildəkindən qat-qat böyük miqyasda olub:

“Həmçinin bir neçə (5) Hindistan təyyarəsini vuran Pakistanın cavabı da 2019-cu ilin miqyasını aşıb. İki ölkə arasındakı gərginlik 19-cu il böhranında daha yüksək pilləyə qalxıb. Bu iki nüvə gücü savaşmaqdan qorxmur. İrimiqyaslı müharibə riski realdır, tezliklə arta bilər”.

Pakistanlı hüquqşünas Cibran Nasir də öz növbəsində vurğulayıb ki, Hindistan mülki əhali və məscidləri hədəfə alaraq beynəlxalq humanitar qanunları pozub:

“Pakistanın Pahalqam hücumunda iştirakına dair heç bir sübut təqdim etmədən Modi hökuməti Cenevrə Konvensiyasının müddəalarını pozaraq müharibə cinayətlərinə əl atdı”.

O qeyd edib ki, Pakistanın Hindistandan fərqli olaraq, yalnız hərbi obyektləri hədəfə alıb və atəş nöqtələrini susdurub:

“Ümid edirəm ki, daha qan tökülməyəcək və dünya ictimaiyyəti Hindistanı bu gecə törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edəcək. Hindistan hər bir mülki insan itkisi və hədəf aldığı hər bir ibadət evi üçün cavab verməli və əvəzini ödəməlidir. O vaxta qədər Pakistan mümkün olan hər vasitə ilə özünü müdafiə edəcək və hər bir pakistanlı öz suverenliyi və bütövlüyü uğrunda birləşəcək”.

Siyasi ekpert Həmid Mirin fikrincə, Hindistan Baş naziri Narendra Modinin strategiyası əks nəticə verib:

“Hindistan Pakistanda “terror obyektləri”nə hücum etdiyini iddia edir, amma hücuma məruz qalanların mülki şəxslər olduğunu göstərən videolar var. Bütün dünya bununla razıdır: müharibəni Pakistan başlatmayıb. Hindistan Pakistanın mülki əhalisini hədəf aldı, Pakistan isə onların hərbi hədəflərinə hücum etdi. Pakistan daha yaxşı vəziyyətdədir”.
Chosen
0
1
sherg.az

2Sources